Müntəzəm avtobus marşrutları ilə Şuşa və Ağdama 4448 sərnişin səfər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın
24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu
günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam
şəhərlərini ziyarət edib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, sərnişinlərdən 3049-u Şuşaya səfər edib. Onlardan
1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə
Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 1399 sərnişin səfər edib. Onlardan 568
nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə
gedib.

67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli
qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri)
işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

Səfər zamanı müvafiq xidmətlərin göstərilməsi və təhlükəsizliyin
təmin edilməsi məqsədilə sərnişinləri könüllülər və polis
əməkdaşları müşayiət edir. Şuşa və Ağdam şəhərlərindəki tarixi,
mədəni və dini abidələri ziyarət peşəkar bələdçinin iştirakı ilə
təşkil olunur.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və
sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə
marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin
edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet
alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək
şəxslərin müəyyənləşməsi, habelə pandemiya şəraitində yoluxma
risklərinin minimuma endirilməsi üçün onlayn bilet satışı portalı
müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş
ərazilərə daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə
alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus
marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ
bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi
çərçivəsində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus
marşrutu müsabiqəyə çıxarılıb.

Teqlər: