Münaqişədən zərər çəkmiş bölgələrdə ilkin səhiyyə xidməti gücləndirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə
Heyətinin sədri Zaur Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin
(BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə
görüşüb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə
nümayəndəliyin “Sağlamlıq proqramı” üzrə meneceri Nassarullah Dar,
sahə meneceri Sunay Mustafayeva, Agentliyin Beynəlxalq əlaqələr
departamentinin rəhbəri Ruslan Abdullayev və departamentin əməkdaşı
Nigar Rüstəmova iştirak ediblər.

Görüş çərçivəsində Agentlik və BQXK arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb. Memorandumun ümumi məqsədi fövqəladə
hadisələrdən zərər çəkmiş ərazilərin mülki əhalisi və məcburi
köçkün ailələrinə ilkin səhiyyə xidməti çərçivəsində keyfiyyətli və
vaxtında müalicə-profilaktik yardımın göstərilməsinə dəstək
olmaqdır. Bu məqsədlə Tərtər rayonunun Borsunlu və Sarov, Ağdam
rayonunun Əfətli kəndində fəaliyyət göstərən kənd həkim
məntəqələrində ilkin səhiyyə xidmətinin müasir standartlara uyğun
təşkil edilməsi nəzərdə tutulur. Əsaslı təmir edilən həkim
məntəqələri ilkin səhiyyə xidmətinin göstərilməsi üçün zəruri tibbi
ləvazimat və tibbi sərfiyyat malları ilə təchiz ediləcək.

Memorandum çərçivəsində həmçinin kənd həkim məntəqələrində
çalışan tibb işçilərinin bacarıqlarının artırılması məqsədi ilə
təlimlər təşkil olunacaq.

Tədbirdə Agentliklə əməkdaşlıq çərçivəsində BQXK-nın dəstəyi ilə
bölgələrdə icra olunan layihələr haqqında fikir mübadiləsi də
aparılıb. Qeyd olunub ki, uğurlu əməkdaşlıq nəticəsində ötən il
BQXK tərəfindən Ağdam rayonunun Əfətli, Əhmədağalı, Təzəkənd,
Tərtər rayonunun Evoğlu, Borsunlu, Seydimli, Hüsənli, Sarov, Şuşa
rayonunun Mirzələr kəndində yerləşən kənd həkim məntəqələri əsaslı
təmir olunaraq istifadəyə verilib. İlkin səhiyyə xidmətinin
göstərilməsi zamanı istifadə olunan lazımi tibbi ləvazimatlar BQXK
tərəfindən həkim məntəqələrinə ianə edilib.

Teqlər: