Mümkünsüz işi gördük: müharibəni başlatdıq – Ovannisyan

Mümkünsüz işi gördük: müharibəni başlatdıq – Ovannisyan

9 (10 – red.) noyabr 2020-ci ildən sonra niyə hər şey səhv oldu? Biz heç bir şəkildə özümüzə gələ, müharibə səhifəsini bağlaya, müharibədən sonrakı mərhələyə girib bərpaya başlaya bilmirik.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Vaqe Ovannisyan qeyd edib.

“Biz heç vaxt başa düşmədik ki, ən dəhşətli və faciəli gün 10 noyabr deyil, 27 sentyabrdır. Siyasi və kollektiv şüurumuz bunu başa düşsəydi, o zaman 10 noyabrdan sonra siyasi qətnamələrimiz, şüarlarımız, seçkiqabağı məzmunumuz tamam başqa olardı, hakimiyyət də çoxdan dəyişərdi”, – o bildirib.

O deyib ki, “Ukraynadan əvvəlki dövrdə” müharibə şəraitinin yaradılması son dərəcə çətin, demək olar ki, mümkünsüz bir iş idi:

“2018-2020-ci illər ərzində bütün dəhşətli səhvlərə yol verildi, danışıqlar dayandırıldı, vasitəçilərin hətta müharibə zamanı da Azərbaycana təzyiq edə bilmədiyi səhvlər, Tavuş hadisələrinin fetişləşdirilməsi də daxil olmaqla, hər kəsə bəlli olan bağışlanmaz təxribatlar edildi.

Bütün itkilərin, faciələrin, dövlətin süqutunun əsası bu idi. Biz müharibəni öz evimizə öz əlimizlə gətirdik.

Əvvəlki hakimiyyət orqanlarının hamısı başa düşürdü ki, müharibəyə yol vermək olmaz. Buna görə də müharibə olmadı və baş verən toqquşmalar da tez yatırılırdı.

10 noyabr, kobud desək, 8 noyabrın (Şuşanın işğaldan azad edilməsinin – red.) məntiqi yekunu idi, 27 sentyabr isə əvvəlki 26 ilin heç də məntiqi deyildi. Bu, baş verməməli olan bir müharibə idi.

Təəccüblüdür ki, bundan sonra bir-birini əvəz edən müxalifət platformaları fəlakətin noyabrın 10-da deyil, sentyabrın 27-də olduğunu başa düşmədilər.

Məhz bunun sayəsində müharibə və fəlakət gətirən hakimiyyət başqalarını da kinli şəkildə döyüşkənlikdə, müharibə həvəsində ittiham edir, hətta xalqın bir hissəsini buna inandıra bilir. Məhz buna görə də platformaların tərtibatları və şüarları cəmiyyətin əksəriyyəti və xarici dünya tərəfindən qəbul edilmədi”.

Teqlər: