Mülki aviasiyamız 86 yaşını qeyd edir

Mülki aviasiyamız 86 yaşını qeyd edir

Azərbaycanın mülki aviasiya işçiləri bu gün peşə bayramlarını və Azərbaycan mülki aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.

Mülki aviasiyanın ildönümünün qeyd edilməsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ziyarətçilər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Azərbaycanın mülki aviasiyası həm Ümummilli Liderin rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi sayəsində tərəqqiyə nail olub.

İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.

Teqlər: