Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Ordumuzun
qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan
ərazilərdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının
hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar
örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən
bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin
əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra
olunur.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti
nəticəsində fevralın 1-dən martın 3-dək olan müddət ərzində 870
hektardan artıq ərazi tam təmizlənib, 227 ədəd mina və partlamamış
döyüş sursatı aşkar olunaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək
mühəndis-istehkam bölmələri tərəfindən 14365 hektardan artıq ərazi
tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə
və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq
məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş
sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də
mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.