Müharibənin 7-ci günü hiss elədim ki, Ermənistanın hərbi rəhbərliyi idarəçiliyi itirir – Zakir Həsənov

Xəbər - Elçin Mehdiyev – Trend:

Müharibənin 7-ci günü mən artıq hiss elədim ki, Ermənistanın hərbi rəhbərliyi artıq idarəçiliyi itirir.

AzerTimes-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Real TV-ə müsahibəsində deyib.

Z.Həsənov bildirib ki, idarəçilik böyük bir anlamdır: “Bu müharibə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin idarəçiliyi ən müasir səviyyədə qurulub. Qoşunları, hissə və birləşmələri döyüşlərdə yüksək səviyyədə və operativ şəkildə idarə etmək imkanları var idi”.

Nazir bildirib ki, Ermənistan tərəfində bəzi hallarda əməliyyatların keçirilməsində qaranlıq məsələlər var idi:

“Məndə fikir yaranırdı ki, bunu təşkil edən hərbçi deyil. Yəni hərbçi belə bir üsula əl atmaz. Bir misal gətirim. Döyüşlər zamanı komandir mənə məruzə etdi ki, cənab nazir hücum. Təbii ki, hücum istiqamətini deyir, düşmən hansı qüvvə ilə hücuma keçidiyini və öz qərarını deyir. Təbii ki, mən də ya bu qərarı təsdiq etməliyəm ya da öz tövsiyələrimiz verməliyəm ya da komandir məndən əlavə dəstək istəyir.

Komandirin səsindən soruşdum ki, nəsə bir təhər məruzə edirsən, nə məsələdi? Komandir dedi ki, nəsə qaranlıq məsələdir. Mənim köməkçilərin həmin hücumu xəritəyə çəkirlər, məndə yaxınlaşıb baxıram ki, düşmənin niyyətini bilim, əks tədbir görüm. Baxıram ki, bu mənasız bir hücumdur. Yəni bu istiqamətdə hücum bunlara heç nə vermir. Həmin vaxt mənim müavinim general Kərim Vəliyev ərazidə idi. General Vəliyev mənə bildirdi ki, bunlar hücumun təşkilində çox qərarsızdılar, hücumun nə artillerira, nə aviasiya dəstəyi var, cinahlar açıqdır, məqsəd aydın deyil. Biz gözləyirdik, artıq hazırlıq görmüşdük, artilleriyaya tapşırıqlar verilmişdi, bunlar atəş zonasına girək kimi məhv ediləcəkdilər. üstündən bir neçə dəqiqə keçdi və mənə məruzə etdilər ki, düşmən hücumu dayandırdı, bütün texnikanı, tankları, döyüş maşınlarını qoyub qaçdılar”.

Teqlər: