Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?

Xəbər - Humay Ağacanova – Trend:

İl ərzində müharibədən zərər çəkən ailə və uşaqlarla müxtəlif
proqramlar əsasında psixososial işin aparılması davam etdiriləcək.
Yay aylarında Ağdam rayonu ərazisində iki icmada ailələrlə
psixososial işin aparılması nəzərdə tutulur.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin tabeliyində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə
Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Ağdam, Göygöl, Qəbələ,
İsmayıllı, Zaqatala, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul)
fəaliyyəti nəticəsində 773 şəhid və qazi ailəsinə səfər edilib,
ilkin psixososial qiymətləndirmə aparılmış və uşaqlara psixoloji
dəstək göstərilib, ailənin ehtiyaclarına uyğun digər yardımlar da
edilib və hazırda bu işlər davam etdirilir.

“BMT-nin Uşaq Fondu (UNİCEF) və “ASAN Könüllüləri Gənclər
Təşkilatı İctimai Birliyi ilə birgə müharibədən zərər çəkən ailə və
uşaqlarla psixososial dəstək işinin aparılması məqsədi ilə 2020-ci
ilin noyabr ayından 2021-ci ilin may ayına qədər davam edən
“Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi Goranboy, Ağdam və
Tərtər rayonlarında, eləcə də Gəncə şəhərində həyata keçirilib.
Layihə çərçivəsində müharibədən zərər çəkən 1400-dən çox ailəyə
səfər edilib, psixososial qiymətləndirilmə aparılıb, 2400 uşağın
ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda
olan uşaq və analarla fərdi və qrup terapiyası işi aparılıb.

Postmüharibə dövründə psixososial dəstəyin davam etdirilməsi
məqsədilə, Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400
uşağın iştirak ilə 1 ay ərzində “Uşaq və yeniyetmələrə psixososial
dəstəyin göstərilməsi” layihəsi çərçivəsində Komitə tabeliyində
fəaliyyət göstərən Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək
Mərkəzlərinin psixoloq və sosial işçiləri layihəyə cəlb olunaraq
uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş
qruplarına müvafiq fərdi və qrup terapiyası aparılıb,
inkişafetdirici məşğələlər, psixoloji treninqlər və inteqrativ
oyunlar keçirilib. Həmçinin Göygöl UADM tərəfindən travma yaşamış
uşaqların psixoloji və fiziki rifahına olan mənfi təsirin
araşdırılması və ilkin psixososial yardımın göstərilməsi məqsədilə
tədbirlər keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi
tərəfindən şəhid və qazi ailələrindən olan 80 uşaqla təlim
keçirilib”, – deyə məlumatda bildirilib.

Teqlər: