Xəbər - Cani Babayeva – Trend:
Əvvəldən məlum idi ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət erməni ictimaiyyəti üçün çətin psixoloji məqam, ölkənin siyasi elitası üçün isə ciddi çağırış olacaq.
Bunu AzerTimes-a rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, Ermənistanda əvvəldən 10 noyabr bəyanatına qarşı çıxan qüvvələr olub:
“Ermənistanda revanşist əhval-ruhiyyənin olması sirr deyil. Bu cür yanaşma əvvəldən də olub. Əsas məsələ bu əhval-ruhiyyənin nə dərəcədə təsirə malik olub-olmamasıdır”.
D.Solonnikov bildirib ki, indi Ermənistanda revanşist fikirlərin daha tez-tez səslənməsi və bunu müxalif düşərgənin deyil, rəsmi şəxslərin səsləndirməsi iki amildən xəbər verir:
“Birincisi, Ermənistanda seçkiqabağı kampaniya başlayıb. Əhali həqiqəti bilmək istəmir, nağıllara qulaq asmağı arzulayır. Bu baxımdan elektorata ən asan yanaşma populizmdir. Seçkilər zamanı bu mexanizm işləyir”.
Siyasi texnoloq əlavə edib ki, digər məqam aprelin 30-da Avrasiya İqtisadi İttifaqının növbəti iclasının keçirilməsidir:
“Avrasiya İqtisadi İttifaqı çərçivəsində Azərbaycanla yeni, konstruktiv qarşılıqlı münasibətlərin müzakirə olunması nəzərdə tutulur. Ermənistan bu məsələdə də xal qazanmağa çalışacaq”.
(Tərcümə: Orxan Nəbiyev)