Müharibə zamanı taxıl səpini geciksə də bol məhsuldarlıq var – Trend TV-nin Qarabağdan reportajı

Tərtər. Aslan Məmmədli – Trend:

Tərtərin işğaldan azad edilmiş ərazilərinə yaxın kəndlərdə taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupuna bildirib ki, ötən il payızlıq taxıl səpini Vətən Müharibəsi dövrünə təsadüf etdiyindən bir qədər gecikmələr olmuşdu. Lakin hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra payızlıq əkin başlayıb və aparılan yüksək aqrotexniki qulluq nəticəsində məhsuldarlıq kifayət qədər qənaətbəxşdir.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda bütün ölkə üzrə arpa və buğda biçini davam edir, fermerlərin texnika sarıdan problem yoxdur. Məhsuldarlıq da gözlənildiyindən yüksəkdir. Keçmiş cəbhəboyu ərazilərdə də fermerlər arpa biçinini yekunlaşdırmaq üzrədir.

Fermerlər və kombayn sürücüləri isə Trend TV-yə bildiriblər ki, əvvəlki illərdə əkin və biçin zamanı düşmən işğal altında olan ərazilərimizdən onları davamlı atəş altında saxlayır, işə mane olurdu. Amma bu il torpaqlarımız azad edildiyindən belə təhlükə yoxdur. Fermerlər işlərini rahat və təhlükəsiz görə bilir, əkin-biçin prosesini həvəslə həyata keçirirlər.


Tərtərin taxıl sahələrindən hazırlanan videoreportajı təqdim edirik.

Teqlər: