Xəbər - Çingiz Səfərli – Trend:
Vətən müharibəsi zamanı mülki sürücülər yaralıları daşımağa kömək edirdilər.
AzerTimes xəbər verir ki, bunu ehtiyatda olan zabit, həkim-kardioloq Elşən Rzayev deyib.
O döyüş zamanı tibbi xidmətin hansı şəraitdə göstərildiyindən danışıb: “Sentyabrın 27-si müharibə başladı, 28-də hərbi səfərbərlik elan edildi və 29-u biz artıq hərbi hissələrdə idik. Toplanışdan sonra Füzuli istiqamətindən hərəkətə keçdik. Ordumuz irəlilədikcə, biz də onların arxasında irəliləyirdik. Tibb xidmətinin ön və arxa cəbhəsi olmur. Sadəcə, cəbhə xəttinə yaxın və ondan uzaqda yerləşən tibb məntəqələri var. Siz sırf döyüş bölgəsində qanaxmanı dayandırmalısınızsa, təbii ki, böyük əməliyyatlar edə bilməzsiniz. Nəticə etibarilə bütün səhiyyənin burada xidməti olub. Yalnız həkimlərdən danışmaq eqoistlik olar. Burada sürücülər, sanitar təlimatçılar və s. hamı koordinasiyalı şəkildə çalışıb. Hətta mülki sürücülər var idi ki, yaralıları tibb məntəqələrinə daşımağa kömək edirdilər”.
Twitter: @cingizsafarli