Xəbər - İlhamə İsabalayeva – Trend:
44 günlük Vətən Müharibəsi nəticəsində təhsilimiz həm yeri doldurulmayacaq insan itkiləri verdi, həm də məktəb infrastrukturuna ciddi ziyan dəydi. Bu müharibə 10 nəfər şagirdimizin, 20 nəfər müəllimimizin həyatına son qoydu, 54 təhsil müəssisəsi darmadağın edildi.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, insan itkilərimizi bərpa edə bilməsək də, məktəblərimiz əvvəlkindən daha yaxşı şəkildə bərpa olunur:
“Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaətlə mənfur düşmənə qarşı vuruşdu”.
Nazir əlavə edib ki, Azərbaycan Ordusunun şanlı qələbəsinin tədris məzmununa üzvi şəkildə inteqrasiyasını təmin etmək məqsədi ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub. Artıq dərslik müəlliflərimiz və nəşriyyatlar “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlayıb Təhsil İnstitutunun rəsmi səhifəsinə yerləşdiriblər. Müəllimlərimiz bu mövzuları virtual dərslərdə tədris edirlər, həmçinin teledərslərdə də qələbəyə həsr olunmuş süjetlər hazırlanıb.