“Müharibə veteranı” təqaüdü ömürlük təyin olunur – Nazirlik

Xəbər - Humay Ağacanova – Trend:

“Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatı
yekunlaşdırılıb. Bu barədə həm SMS bildiriş sistemi, həm də
Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq
imkanları yaradılıb.


Trend
-in məlumatına görə,bu barədə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Mətbuat katibi Fazil Talıblı sosial şəbəkə
hesabında paylaşım edib.

F.Talıblı “Müharibə veteranı” adı verilən şəxslərə təaqüd
təyinatı ilə bağlı suallara aydınlıq gətirib.

“Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon
nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə
edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin
adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin
internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd”
bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil
olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir.
Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı
çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir”.-deyə
əlavə edib.

O qeyd edib ki, Müharibə veteranı kimi təqaüd almaq üçün hansısa
sənəd tələb olunmur.

“Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər “Müharibə
veteranı” adı veribsə, həmin şəxsin hansısa quruma müraciət
etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik,
proaktiv qaydada təqaüd təyin olunur. Təqaüd fevralda təyin
olunarsa, yanvarın da təqaüdü veriləcək. Təqaüd nə vaxt təyin
edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından
rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir. “Müharibə
veteranı” statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və
müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından
asılı olmayaraq, bu təqaüdü də alır”,-deyə bildirib.

Onun sözlərinə görə, şəxs müharibə əlili kimi təqaüd alırsa, ona
“Müharibə veteranı” statusuna görə təqaüd də verilməyəcək.

“Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə
üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350,
III dərəcə üçün 300 manat) ödənilir. Qanunvericiliyə əsasən, bir
şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq
hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və
yüksək məbləğdə olanı verilir”,-deyə qeyd edib

Teqlər: