Müharibə və qadınlar… Sarsılmayan zərif güc… Oğlu şəhid olan Mayanın anbara çevrilmiş evi… – Səxavət Məmməd yazır

Müharibədə yalnız döyüşməklə qalib gəlmək mümkün deyil. Qələbə arxa və ön cəbhənin vəhdəti sayəsində qazanılır. “Müharibə kişilərin işdir”, deyirlər. Lakin müharibədə qadınların fəaliyyətini əsla danmaq olmaz. Bu zaman həkimlər, tibb bacıları daha çox göz önünə gəlsələr də, xanımların işi tək bununla məhdudlaşmırdı.

Vətən Müharibəsində qadınlarımız sadəcə, şəfa verən olmadılar, həm də əsgərlərlə çiyin-çiyinə dayandılar, döyüşdülər. Çox sayda qadın gizirlər, MAXE-lər bu savaşda öz vəzifələrini şərəflə icra etdilər. Hətta elə qadınlar oldu ki, övladlarını sığınacağa təhvil verib silaha sarıldılar.

Buna misal olaraq kiçik çavuş Gülnarə Gülməmmədovanı göstərə bilərik. Xanım hərbçi Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün başladığı haqq işində döyüşən Ordumuzun ön sıralarında oldu. O, iki azyaşlı qızını “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verərək, cəbhə bölgəsində xidmət etməyə yollanıb.

Müharibə vaxtı cəbhəyə yaxın yaşayış məntəqələri təhlükəsizlik məqsədilə boşaldılmışdı. Bu, zərusi addım idi. Ancaq elə yaşayış məntələri var idi ki, orada bəzi insanlar, əsasən də kişilər qalırdılar. Bununla belə, bəzi yaşayış məntəqələrində qadınlar da evlərini tərk etməmişdilər.

Ağdamın Mahrızlı kəndində bir ailə var idi, onlar tam tərkibdə öz evlərində qalırdılar. Ailə başçısından “Niyə yoldaşını kənddən çıxarmamısan?”, deyə soruşanda, cavab verdi ki, “Qardaş, bax mən nə edim, nə qədər təkid etsək də, dedi, qorxmuram, çıxmıram”.

Həmin ailənin evinə mərmi düşüb dağıtmışdı. Bir gün ailə başçısı zəng etdi ki, ev dağılıb, imkan olsa, mənə çadır tapın, onu həyətdə qurub, qalacağıq.

Jurnalist Teymur Zahidoğlunun ata ocağı Ağdamın Alıbəyli kəndidir. Döyüşlər başlayan vaxt Teymur Zahidoğlu ilə jurnalist Seymur Kazımov Teymurun anasını kənddən çıxarmaq istədilər. Buna nail oldular da.

Gecə Teymur Zahidoğlunun anasını kəndin cəbhə xəttindən nisbətən uzaq olan ərazisindəki qohum evinə apardılar. Amma qadın nə etdi? Elə gecə ilə də öz evinə, həyat yoldaşının yanına qayıdıb gəldi. Çox israr edilsə də, nəticə olmadı.

Döyüşlərin qızğın vaxtında Tərtər istiqamətində ətrafıma o qədər mərmi düşmüşdü ki, oradan necə sağ çıxdığımı düşünə-düşünə qəsəbəmizə qayıdırdım. Yolda xəbər gəldi ki, bizim qəsəbəyə yaxın qəsəbəyə bir neçə “Qrad” mərmisi düşüb. Valideyinlərimdən narahat halda evə gəldim, həyətimizə girəndə gördüm ki, anam təndirdən çörək çıxarır. Dedim, “Mama, bəlkə səni Bakıya göndərək?” Qayıtdı ki, “Özünə gül, mən bir də qaçqın olası deyiləm”.

Aprel döyüşləri başlayar-başlamaz səhər təxminən saat 4 radələrində zəng gəlmişdi. Açığı, o vaxt gələn zəngləri açana qədər adamın ağlına min fikir gəlirdi. Telefona cavab verəndə dedi, sən Bakıda yat, burada camaat topun altında qalsın… Əslində, bu qadınların döyüşün gedişatına təsir edəcək heç bir əməkləri yoxdur. İş ondadır ki, həmin qadınları görən kişilər döyüşə tamam başqa cür köklənirlər.

Məsələ tək bununla bitmir. Müharibə vaxtı arxa cəbhədən irəliyə durmadan-dayanmadan yardımlar edilirdi. Döyüşlər başlayandan bir neçə gün sonra dostların birindən Maya Quliyevanı xəbər aldım. Dedi, Maya evindədir, evini də anbar edib.

Zəngləşdik, oraya getdim. Bənövşələr qəsəbəsi cəbhəyə ən yaxın yaşayış məntəqələrindən biri idi. Qəsəbəyə girəndə anladım ki, Bənövşələrdə çox az sayda adam qalıb. Mayagilin həyətinə keçəndə şoka düşdüm. Ev sözün əsl mənasında anbar olmuşdu. Mallar gəlir, qruplaşdırılır. Az sonra qapıda bir hərbi maşın dayandı, mallar maşına yükləndi, getdi. Qısa müddətdə neçə maşın gəldi, yükləndi və yola salındı.

Ön postlarda xidmət edən zabitlərlə danışıram, hamısı deyir, o “anbar” olmasa, vəziyyətimiz necə olardı, Allah bilir. Maya təkcə yardımları yerbəyer etməklə məşğul olmur, evə gələn hərbçilərə isti yemək də hazırlatdırır. Maya bu işləri anası ilə birlikdə görür. Yeri gəlmişkən, Maya Quliyevanın anası Şamama Quliyeva Birinci Qarabağ müharibəsində də iştirak edib.

Müharibə vaxtı könüllü döyüşçü Rəhim Məmmədovla postda söhbət edərkən, dedim, Mayaya halaldır, kişi kimi iş görür. Gülərək dedi ki, Şamamanın qızıdır da… Onun anası Şamama Abdal-Gülablı tərəfdə Keçi Çığırı deyilən yerdəki postda iki nəfərlə qalmışdı. Təsəvvür edin, digər döyüşçülər hamısı postu tərk edib gedib, Şamama postu iki əsgərlə saxlayıb.

Bir qədər araşdırma aparanda məlum olur ki, Şamama Quliyeva müharibə başlayandan 1993-cü ilin iyul ayına qədər döyüşlərdə iştirak edib. Döyüşlərin getdiyi vaxtda zəng gəldi ki, Maya və anası yaralanıb. Evlərinə gəldim, ərazidə peşəkar hərbçilər də vardı. Hamısı eyni şeyi deyirdi, bu həyət sanki seçilib vurulub. Yəni bildiyiniz, hədəf verilib.

Maya və anası həyətlərinə mərmi düşməsi nəticəsində yaralanmışdı. Mayanın yarası sağalar-sağalmaz yenidən öz işini görməyə davam edirdi. Maya oğlu Xalidin də döyüşlərdə olduğunu deyir.

Tapqaraqoyunlu kəndində, ön cəbhədə idik. Yaxınlığımızda bir maşın dayandı, içində üst-başı qan içində olan hərbçi vardı. Minaatan mərmisindən yaralanmışdı. Ancaq özünə yox, şəhid olan əsgərlərinə görə pis olduğunu deyirdi. Biz də çox məyus olmuşduq.

Ancaq daha sarsıdıcı xəbər bundan sonra gələcəkdi. Dostlardan biri zəng edərək Mayanın oğlunun şəhid olduğunu bildirdi. Harada, necə suallarından sonra məlum oldu ki, qarşılaşdığımız zabitin dediyi, əsgərlərindən bəzilərinin şəhid olduğu döyüşdə Mayanın oğlu da iştirak edib və şəhid olub.

Maya Quliyevanın özü və anası yaralandı, oğlu şəhid oldu, qadın müharibə başlayandan əsgərlərin təminatı üçün çalışdı. Bəlkə kimlərəsə qəribə gələcək, ancaq Maya yenə də əsgərlərin təminatı üçün çalışmaqdadır.

Əslində, müharibədə qadınların belə fədakarlığını ilk dəfə görmürdüm. 1993-95-ci illərdə nənəmgil Əfətli kəndində qalırdı. Nənəm bəzən hər gün, bəzən də günaşırı təndirə çörək bişirər, içini şorla, pendirlə doldurub mənə verərdi ki, əsgərlərə apar. Əsgərlər mənə o qədər alışmışdılar ki, uzaqdan görəndə gəlib qarşılayırdılar. Mən onlara yemək daşıyırdım, onlar da mənə güllədən düzəltdikləri bəzi əşyaları hədiyyə edirdilər, durbini verirdilər ki, baxım. Açığı o kiçik əşyalar məni daha da həvəsləndirirdi. Durbinlə baxmaq isə ən sevdiyim iş idi.

Qadınlar yalnız cəbhə bölgəsində yox, ölkənin hər yerində böyük fədakarlıq göstərirdilər. Bu müharibə mənim üçün həm də, “Aslanın erkəyi, dişisi olmaz” deyiminin inkaredilməz sübutu oldu.

Səxavət Məmməd

www.yenicag.az