Rusiya-Ukrayna müharibəsi gələn ilin sonuna qədər qlobal iqtisadiyyata 2,8 trilyon dollara başa gələcək. Sərt qış Avropada enerji normasının pozulmasına gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Müharibə tədarük zəncirlərini pozdu, ərzaq və digər zəruri əşyaların çatışmazlığına səbəb olub. Qərb Putinin səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində “referendum”lara hazırlıqla bağlı göstərişinin müharibənin aylarla, hətta illərlə çəkə biləcəyindən ehtiyat edir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) proqnozlarına görə, qlobal iqtisadiyyat bu il 3%, 2023-cü ildə isə 2,2% artmalıdır. Müharibədən əvvəl bu rəqəm 4,5% idi. 2023-cü ildə isə 3,2% artım gözlənilirdi. OECD 2023-cü ildə Avrozona iqtisadiyyatının 0,3% artacağını, Almaniya iqtisadiyyatının isə 0,7% daralacağını gözləyir. Hələ iyun ayında Avrozonada 1,6%, Almaniyada isə 1,7% artım gözlənilirdi. Enerji qiymətləri yenidən artarsa, Avropa iqtisadiyyatı daha da kəskin tənəzzüllə üzləşə bilər. Təbii qazın qiyməti ilin sonuna qədər 50% artarsa, Avropada istehsal 2023-cü ildə 1,3% azala bilər, qlobal iqtisadiyyat isə cəmi 1,7% artacaq”, – məlumatda deyilib.