Rəsmi İrəvan bütün platformalarda və Ermənistanda hamı qarşıdan gələn yeni müharibədən danışır. Nikol telefonunda nömrəsi olan hər kəsə zəng edir.
AzerTimes xəbər verir ki, bu barədə erməni politoloq Vaqe Ovannisyan yazıb.
“Amma çaş-baş qalmış erməni cəmiyyəti üçün bir neçə sadə suala heç kim cavab vermir: müharibə nə vaxt, harada, kimlər arasında, nə üçün olmalıdır? Əliyevin müharibəsinin məqsədi nədir, sonda o, nə istəyir? Məqsədi olmayan müharibə yoxdur”, – o bildirib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti Ağdam yolunu açmaq istəyirsə, niyə Ermənistana hücum etməlidir?
“Əgər Əliyev Ermənistandan ona vəd edilən 8 anklavı almaq istəyirsə, bu, müəyyən məna kəsb edir. Amma belə olan halda Ermənistan ictimaiyyəti öz baş nazirinə belə bir sual yaratmalıdır: belə bir vədi necə, hansı haqla vermisiniz?
Əgər Əliyev ona vəd edilənləri istəyirsə, o zaman ictimaiyyətin sualı belə olmalıdır: daha nə vəd etdiniz ki, biz bilmədik?
Belə çıxır ki, 2018-ci ildən başlayaraq erməni xalqı sırf müharibə materialıdır.
Bütün müharibələr risklidir və tərəflər yüksək qiymət ödəyirlər. Müharibələr elə belə olmur. Xalqa başa salmaq lazımdır ki, müharibələr həmişə siyasi danışıqlarda səhvlərdən doğur. Bizdə isə müharibə səbəbi düşmənə verilən irimiqyaslı vədlər, onun yaratdığı gözləntilərdəndir”, – o qeyd edib.