Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Bakı şəhəri ilə yanaşı, aprelin ayının 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprel ayının 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb. Bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib.
Ötən müddət ərzində ümumilikdə 1600 nəfərə yaxın, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə 3300-dən artıq seans psixoloji yardım göstərilib. Bu günədək şimal-qərb bölgəsi üzrə 80 vətəndaş, o cümlədən 2 uşağa 130-dan artıq seans keçirilib.
Hazırda psixoloji yardım işi Bakı şəhəri, cənub bölgəsini əhatə etməklə Lənkəran şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir.
Qeyd edək ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.