Müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə 120 mindən çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət
tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən
Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2021-ci il ərzində
İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə
124 055 tibbi xidmət göstərilib.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində
göstərilən tibbi xidmətlərin 108 607-si ambulator, 15 448-i isə
stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 8 544 şəxsin 7
685 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü
olub.

İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən
müraciətlər əsasən partlayış və ya qəlpələrin səbəb olduğu zədələr
(2 730), cərrahi sarğılara və tikişlərə qulluq (1 843), ümumi tibbi
baxış (1 789), odlu silah və digər silah növləri tərəfindən
törədilmiş yaralar (1 188) və cərrahi müdaxilədən sonrakı
vəziyyətlər (1 136) ilə bağlı olub.

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya –
ürəyin işemik xəstəliyi (796), essensial hipertenziya – yüksək qan
təzyiqi xəstəliyi (463), xroniki posttravmatik baş ağrısı (411),
ümumi tibbi baxış (197) və xroniki böyrək xəstəliyi (191) ilə
əlaqədar olub.

Ötən il ərzində icbari tibbi sığorta vasitəsilə 290 nəfər
müharibə iştirakçısı, 62 nəfər şəhid ailəsi üzvünün müraciəti
əsasında 490 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 352 pasiyent
üzərində icra olunan əməliyyatlar arasında partlayış və ya
qəlpələrin səbəb olduğu zədələr (31), cərrahi müdaxilədən sonrakı
vəziyyətlər (29), baş və boynun ikinci dərəcəli termiki yanığı
(18), qasıq yırtığı (12) və qamış sümüyü cisminin sınığı (11) üzrə
cərrahi xidmətlər üstünlük təşkil edib.

Agentlik İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi
üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların
müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin
araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan
şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki
laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə
dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi
xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün
Agentlik tərəfindən bütün zəruri addımlar atılır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda
yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının
bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının
gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm
tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Teqlər: