Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı – Ekspert

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük müharibəsi düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı.

Bunu AzerTimes-a mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdikdən dərhal sonra buranı dünya ermənilərinin dini və mədəniyyət mərkəzi elan etdi. Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzi kimi tanıtmaq üçün şəhəri orjinal görkəmindən məhrum etmək məqsədi ilə 2000-ci ildə Yerevanda “Şuşanın Mədəni Varislik Konsepsiyası” adlı sənəd qəbul edildi ki, bu sənəd əslində Ermənistan hökuməti tərəfindən düşünülmüş şəkildə həyata keçirilən vandalizm aktı idi.

F.İsmayılov əlavə edib ki, Ermənistan hökuməti bu sənəd çərçivəsində 1-ci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahı, qədim hamamların erməni mədəni – irs nümunələri kimi bərpa etdirməyi nəzərdə tuturdu.

Sənəd çərçivəsində Şuşada O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini erməniləşdirmək məqsədilə təmir etmək, yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilirdi. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspor üzvlərinin övladlarına erməni dili tədris ediləcəkdi.

Bununla yanaşı, ermənilər İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerləri inşa etməyi planlaşdırmışdılar.

F.İsmayılov qeyd edib ki, Gəncəsər məbədi və Şuşadakı kilsələrin nəzdində ermənilərin kilsə tarixi muzeyinin, burada qriqoryan xristianlığının kök salması üçün dini məktəblərin təşkili də planlaşdırılırdı.

Teqlər: