ABŞ mayın 31-də Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarının istifadəsinə icazə verdikdən sonra Ukrayna müharibə taktikasını kökündən dəyişib.
AzerTimes xəbər verir ki, bunu “Bild” nəşrinin eksperti Yulian Röpke deyib.
“Ukrayna PUA-ları indi Belqorod və Kursk vilayətlərində dəyərli hədəflər axtarır və onlar aşkar edilən kimi Qərbin yüksək texnologiyalı silahları, ilk növbədə HİMARS-la atəşə tutulur. Bunu rusiyalı hərbi blogerlər də təsdiqləyir. “Hərbi informator” Teleqram kanalı da təsdiqləyir ki, Ukrayna ordusu Belqorodu hər gün HİMARS-la atəşə tutur”, – Röpkü bildirib.
Onun sözlərinə görə, hələlik Ukrayna hərbçilərinin əsas hədəfi Rusiyanın ən müasir hava hücumundan müdafiə sistemi S-300/S-400 zenit-raket kompleksləri olaraq qalır:
“Ehtimal olunur ki, Ukrayna hərbçiləri Qərb silahlarının köməyi ilə Belqoroddan şərqdə yerləşən Rusiya komandanlıq mərkəzini, sərhəddə yerləşən Şebekino şəhərindəki hərbi anbarı və Kursk vilayətində sərhəddən 50 kilometr aralıda yerləşən hərbi konvoyu da vurublar. Keçən həftə Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarından istifadənin görünməmiş gərginliyə səbəb olacağı ilə hədələyən Kreml hələ də zərbələrə cavab verməyib”.