Hərbi əməliyyatlar başlayandan bəri Ukraynanı tərk edən
insanların sayı 5 milyon nəfəri ötüb.
Trend xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı (BMT QAK) yayıb.
Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçisi Antonio Vitorino
bildirib ki, Ukrayna daxilində yaşayış yerini tərk etməyə məcbur
qalmış insanların sayı 7,1 milyona çatıb.
Beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının iclası üçün
qaçqınlarla bağlı vəziyyəti əks etdirən hesabatları təqdim ediblər.
Hər iki qurum Ukraynadan humanitar vəziyyətin pisləşməsindən
narahatlıq ifadə edib, qaçqın və məcburi köçkünlərin sayının
artacağının gözlənildiyini bəyan ediblər. Qeyd olunub ki, Ukraynada
uşaqların yarıdan çoxu yaşayış yerini tərk etmək məcburiyyətində
qalıb və qaçqınların psixososial durumu ciddi narahatlıq
doğurur.
Beynəlxalq Miqrasiya Təşkilatından bildirilib ki, Ukraynanın özü
ilə yanaşı, Polşa, Rumıniya, Litva və Slovakiyada məlumat və dəstək
məqsədilə “qaynar xətt” yaradılıb, eləcə də üçüncü ölkə
vətəndaşlarına müvafiq konsulluq xidmətlərinə çıxışın
asanlaşdırılması, məlumat mübadiləsi, məsləhət xidməti, nəqliyyat,
tibbi yardım və mənşə ölkələrə qayıdış üçün fəaliyyət təşkil
olunub.