Dünən gecədən başlayaraq yağan güclü qar səbəbindən
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən
keçən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr
şöbəsindən Trend-ə verilən məlumata görə, mövcud hava şəraiti ilə
bağlı respublikanın bəzi yollarında avtomobillərin hərəkətində
çətinliklər yaranıb.
Məlumatda bildirilib ki, ötən gecədən başlayaraq yağan güclü qar
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən
keçən hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib: “Muğanlı-İsmayıllı yolunda, Bakı-Şamaxı Yevlax avtomobil yolunun
Muğanlı dairəsi adlanan hissəsində yağan qar avtomobillərin
hərəkətində çətinlik yaratsa da, yol patrul xidmətinin əməkdaşları,
yol təsərrüfatı işçiləri ilə birgə yollarda hərəkətin təmin
edilməsinə çalışırlar.
Sürücülər arasında yola hazırlıqsız çıxanlar da var.
Avtomobillərinin sazlığına diqqət yetirsinlər. Sürücülər
unutmamalıdırlar ki, qar yağan bölgələrə səfər etməzdən öncə
yolların vəziyyətini nəzərə almalıdırlar. Ya səfərlərini təxirə
salmalıdırlar, bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb
şinlərin vəziyyətinə nəzər yetirsinlər. Sürücülər hava şəraitinə
görə gündüz saatlarda yola çıxmaları tövsiyə edilir”.