Müəllimlərlə bağlı yeni qərar

Müəllimlərlə bağlı yeni qərar

Hazırki cari il ölkəmizdə müəllimlərin yerdəyişməsi, işə qəbulunun keçiriləcəyi vaxt açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesi tənzimlənəcək.

Müəyyən edilib ki, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır. 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilərək burada adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.

İnsan resursları şöbəsinə tapşırılıb ki, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını təmin etsin, iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin etsin, elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun 2017-ci il tarixlərində təşkil olunsun.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektorn ərizələrin qəbulu isə 1-14 iyul tarixlərində həyata keçiriləcək.

Yerli təhsili idarəetmə orqanlarına tapşırılıb ki, vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 25 may tarixinə kimi proqram təminatına daxil edilməsini, müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin 15.09.2017-ci il tarixinədək bağlanılmasını təmin etsinlər. Bundan əlavə, ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılması, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişlərin vaxtında verilməsi təmin edilməlidir. Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 20.09.2017-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim olunmalıdır.

Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə edilib.