Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
AzerTimes xəbər verir ki, sərəncamla “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alınır:
– 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılsın.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.