Müəllimlər Koreya proqramı əsasında təlimdən keçəcəklər

Xəbər - İlhamə İsabalayeva – Trend:

Koreya proqramı əsasında müəllimlər üçün təlimlərə müraciət qəbul olunur.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində seçilmiş 35 təhsil işçisi üçün təlim proqramı uğurla başa çatıb.

Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramı Koreyalı mütəxəssislər tərəfindən təşkil olunub. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaq olub.

Hazırda layihənin davamı olaraq, proqramı bitirən təhsil işçiləri tərəfindən 300 müəllim üçün elektron məzmunun yaradılması üzrə təlimlərin təşkili planlaşdırılır.


Təlimlərdə iştirak edəcək müəllimlər onlayn təhsil üçün təlim proqramlarının yazılması, videodərslərin hazırlanması üzrə biliklərə yiyələnəcək və təhsildə rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Təlimlərin onlayn formatda qeyri-iş vaxtları və gündəlik 2 saat ərzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli elektron məzmunların yaradılması və video çəkilişi məqsədilə studiyanın qurulması istiqamətində işlər aparılır.

Teqlər: