Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramını qeyd edirlər (FOTO)

Prezident İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il 17 dekabr – Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Müdafiə Sənayesi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu münasibətlə Nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nazirliyin “Üfüq İstehsalat Birliyi”nin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub.

Tədbirin rəsmi hissəsinə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.


İlk olaraq Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş “Salam, silah” filmi izlənilib. Daha sonra müdafiə sənayesi naziri Mədət Quliyev çıxış edərək bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabr ayının 16-da dövlət başçısının müvafiq Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

M.Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycan Respublikasında yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə Ulu Öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakı şəhərində və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Mədət Quliyev qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində başa çatmaq üzrə olan 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub.

Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.

Teqlər: