Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib (FOTO/VİDEO)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsinin igid kəşfiyyatçılarından olan şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin ad günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə qurumun bir qrup hərbi qulluqçusu və şəhidin ailə üzvləri, döyüşçü yoldaşları Şəhidlər xiyabanına gedib, unudulmaz döyüşçünün məzarını ziyarət edib, önünə əklil və qızılgüllər düzərək xatirəsini ehtiramla yad edib, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, xatirələrinin bundan sonra da əziz tutulacağı bildirilib.

Tədbir başlamazdan öncə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışı zamanı şəhidlər və şəhid ailələri haqqında dediyi ibrətamiz kəlamlar səsləndirilib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.

Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq.

Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq…”.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamladıqdan sonra şəhid kəşfiyyatçının qısa, lakin mənalı ömür və şərəfli xidmət yolu barədə ətraflı məlumat verərək bildirib ki, zabit R.Tağıyev 12 iyun 1982-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə E.Məmmədov adına 3 saylı orta məktəbi, 2003-cü ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 2014-cü il məzunudur. Hərb elmi işi üzrə dissertasiyasını uğurla davam etdirirdi.

Gənc zabit motoatıcı taborun kəşfiyyat taqımının komandirliyindən Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinədək yüksəlib.

Vətən müharibəsində polkovnik-leytenant Ruslan Tağıyev cəbhəyə ezam olunmuş və həmin hərbi hissənin kəşfiyyat rəisi kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində səylərini əsirgəməmişdir.

Tədbirdə qeyd edilib ki, kəşfiyyat rəisi R.Tağıyev Şuşa şəhərinin azad edilməsinə – Zəfər gününə dörd gün qalmış Laçın rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur.
Ondan iki oğul və bir qız olmaqla üç övladı yadigar qalıb.

Sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə 1-ci, 2-ci, 3-cü dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi “Şəhidlik əbədiyyət zirvəsidir” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına qürurlu anlar yaşadıb.

General-mayor Hilal Nəcəfov şəhid zabitin yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, seçdiyi çətin və şərəfli yolda qarşısına qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsindən, şəxsi şücaət və igidlik nümunələri göstərməsindən iftixar hissi ilə danışıb, şəhidin valideynlərinə belə məğrur övlad tərbiyə etdiklərinə görə minnətdarlıq edib, övladlarını atalarının ad günündə hədiyyələndirib, onların atalarına layiq övladlar kimi böyüyəcəklərinə əminliyini bildirib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, hazırda İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov çıxış edərək tədbir iştirakçılarını İsmayıllı rayonunun ictimaiyyəti adından salamlayıb, bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şəhidin anası Lətifə xanım və atası Fuad müəllim Vətən uğrunda şəhid olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin ikinci hissəsi bir neçə gün öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk tədqimatı keçirilmiş Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr edilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın Bakı və ətraf rayonlarda yaşayan şəhid ailələrinə təqdim olunması mərasimi ilə davam etdirilib.

Müəllif, tərtibçi-redaktor polkovnik Abdulla Qurbani bu kitabda haqqında yazılan hər bir şəhidi yaxından tanıdığını, onlarla təhsil aldıqları xüsusi təyinatlı təhsil müəssisələrində, xidmət etdikləri hərbi hissələrdə, o cümlədən Vətən müharibəsinin odlu-alovlu döyüş meydanlarında dəfələrlə görüşdüyünü, onların göstərdikləri qəhrəmanlıqların şahidi olduğunu vurğulayaraq hər bir şəhidin xatirələrdə əbədi yaşayacağını, mübarək şəhadətləri ilə ən yüksək zirvəyə ucalan şəhidlərimizin məzarlarının xalqımızın ziyarət ünvanına, and yerinə çevrildiyini diqqətə çatdırıb.

Şəhid ailələrinin nümayəndələri dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, xatirə kompleksləri, bulaqlar, park və xiyabanlar, guşələr yaradıldığını, yazıçı və şairlərimizin, jurnalistlərin onlar haqqında qiymətli əsərlər, məqalələr yazdığını, filmlər çəkildiyini, televiziya və radio verilişləri hazırlandığını yüksək qiymətləndirib və bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.
Respublikamızda Şəhidləri Anma Günü və Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları tədbir iştirakçıları tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanıb.

Bir neçə ildir ki, “Azərbaycan əsgərinə mənəvi dəstək” aksiyasına qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları: Birinci Qarabağ müharibəsi veteranı prorektor, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov və dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru Təranə Kərimova çıxış edərək bu kimi nəşrlərin nəinki müasir gəncliyimiz, eləcə də gələcək nəsillər üçün ən gözəl töhfə olduğunu qeyd ediblər.

Hər bir şəhid ailəsinə nəfis tərtibatla nəşr olunan kitabın nüsxələri təqdim edilib.

Tədbir Vətən şəhidlərini və müzəffər Azərbaycan Ordusunu tərənnüm edən vətənpərvəlik mahnı və şeirləri ilə başa çatıb.

Sonda xatirə şəkli çəkilib, şəhid ailələri tədbirdən xoş təəssüratlarla ayrılıb.

Teqlər: