Dünən Müdafiə Nazirliyi əsgərlərin təminatındakı problemlərlə bağlı bir açıqlama yayıb. Nazirliyin açıqlamasında problemi işıqlandıranlar “sosial şəbəkə istifadəçiləri” adlandırılıb.
Nə yalan deyim, həmin açıqlamanı elə Nazirliyin sosial şəbəkə hesabından oxudum. Müharibənin gedişində işğaldan azad edilən məntəqələrimizin siyahısını da Ali Baş Komandanın “Twitter”dəki hesabından oxuyurduq.
Mənə görə, Nazirliyin açıqlamasındakı “sosial şəbəkə istifadəçiləri” ifadəsi aşağılamaq mənasında işlədilib. Ancaq həm jurnalistlər, həm də ölkə vətəndaşları rəsmi qurumların və şəxslərin sosial şəbəkədə yazdıqlarını “istifadəçi” kimi yox, məhz müəllifinin adları ilə deyirlər.
Mətbuat həmin açıqlamaları qurumun və şəxsin rəsmi mövqeyi kimi işıqlandırır. Sosial şəbəkədən trol kimi istifadə etmirik, ona görə də hər kəsi adı və mövqeyi ilə qeyd etmək lazımdır. Jurnalistlər və xalq rəsmilərin sosial şəbəkədə yazdıqlarını necə öz adı ilə çağırırsa, dövlət qurumunun da borcudur ki, eynilə davransın.
Nazirlik iddia edir ki, hansısa problemin yazılması Vətən Müharibəsinə kölgə salmaqdır. Mənə görə isə Vətən Müharibəsində canını ortaya qoyanlara biganə münasibət Vətən Müharibəsinə kölgə salmaqdır.
Gəlin görək, hansımızın “kölgə”si daha qalındır? Nazirliyin açıqlamasında qeyd olunur: “Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur”.
Əslində, bu çətinliyi biz də görürük, bilirik. Elə oradakı əsgərlər də vəziyyətin çətinliyindən xəbərdardırlar və buna görə də dözürlər. Ancaq məsələ ondadır ki, hər problemdən çıxış yolu var. Məsələn, yol olmayan yerə helikopeterlə ərzaq və digər lazımı əşyalar çatırmaq belə çətindir?
İndi də müharibə də yoxdur ki, deyəsən, vurulma ehtimalı var. Dünya müxtəlif zəruri vasitələrin dronlarla çatdırılması praktikasına keçib. Dəfələrlə xarici mediada dronlarla çətin şəraitdə olan yerə zəruri əşyaların çatdırıldığını görmüşük. Bəhanə axtarmaq yox, iş görmək lazımdır.
Müdafiə Nazirliyi problemlərin işıqlandırılmasını “Dövlət sirrinin pozulması” kimi qeyd edib. Əvvəla, dövlət sirri haqqında qanun var. O qanunda əsgərin qida rasiyonu və şəraiti barədə bir cümlə belə yoxdur. Əsgərin qida rasionu, hətta kalorisi bütün dünya ordularında açıq-aşkar şəkildə qeyd edilir.
Bunun heç bir sirli tərəfi yoxdur. Bundan əlavə, sirr deyilən şey, xüsusilə də, dövlət sirridirsə, o qorunan bir məsələdir. Əsgərin problemi qorunan kateqoriyaya aiddir? Bu, nə yanaşmadır? Dünyada sirri açanı yox, sirri qoruyanı ittiham edirlər ki, niyə məsuliyyətsizliyə yol veribsən?
Əgər bu, sirr idisə, onun yayılmasına görə sirri qorumalı olan Müdafiə Nazirliyi günahkardır. Nazirlik o vaxt haqlı olardı ki, şəxsi heyətin say tərkibi və ya məxfi əməliyyatlar barədə məlumatlar ictimailəşərdi. Özləri də etiraf edir ki, bəli, problemlər var, ancaq bunu “cüzi” adlandırıblar.
Onda belə çıxır ki, özləri dövlət sirrini “cüzi doza”da pozublar? Müharibənin getdiyi bir vaxtda Vasif Qurbanzadənin təşkilatçılığı ilə Ağdamda və Tərtərdə postlara kiçik həcimli qaz balonları, bir kisə kartof, bir kisə soğan, yumurta və yağ verilirdi. Bu iş ərzaq çatışmazlığına görə yox, məhz ehtiyat tədbir xarakteri daşıdığı üçün görülürdü.
Bundan nə Müdafiə Nazirliyinin nə də başqa qurumların xəbəri olub. Müdafiə Nazirliyi indi qəbul etməlidir ki, əsas problem təşkilatçılıqla bağlıdır. Gündəlik yemək çatdırılması mümkün olmayan ırazilərdə bu təcrübədən istifadə etmək mümkündür. İstək və məsuliyyət olarsa…
www.yenicag.az