Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində “sakitlik” olduğunu bildirib.
Nazirliyin sözçüsü Vaqif Dərgahlı bildirib ki, “hazırda Tovuz istiqamətində ümumilikdə sakitlik hökm sürür”.
Bundan əvvəl MN iyulun 15-də gecə Tovuz rayonu istiqamətində “nisbi sakitlik” olduğunu bildirsə də, səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus “növbəti bölüyün dayaq məntəqəsinin” məhv edildiyini bildirib.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışmalar ötən bazar günü başlayıb və bazar ertəsi fasilələrlə davam edib. Azərbaycan 11 hərbçisini itirib, Ermənistan da itki verdiyini açıqlayıb. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır.
Azərbaycan MN iyulun 14-də axşam saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və döyüş texnikası “məhv edilib”.
MN həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yerləşən yaşayış məntəqələrinə atəş açmaqda davam etdiyini bildirib. Amma gecə “nisbi sakitlik olub,”- Azərbaycan MN açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan iyulun 15-də Facebook səhifəsində yazıb ki, “Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində (Tavuş-Tovuz istiqaməti) dünən saat 23:30-dan bu vaxtadək (səhər saat 8:00) nisbi sakitlik olub. Gecə ərzində artilleriya qurğularından istifadə olunmayıb”.
Şuşan Stepanyan dünən saat 22:30 – 23:00 arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın “2 pilotsuz uçan aparatını” vurduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hər hansı “pilotsuz uçan aparatının vurulmadığını, bu iddiaların yalan olduğunu” bildirib.