Xəbər - Samir Əli – Trend:
İşğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, həmçinin həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul başlayır.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən brifiqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
O bildirib ki, qəbul üçün müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsilli, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər müraciət edə bilərlər:
“Qəbul üçün müraciət etmək istəyən vətəndaşlar Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.
Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09.00-dan 17.00-dək müraciət edə bilərlər, deyə nazirlik rəsmisi vurğulayıb.
Həqiqi hərbi xidmətə və işə qəbul üçün məhkum olunmuş və xidmətə uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur”.