Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrində olub

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan
əsgər yeməkxanasına baxış keçirib.

Məruzə olunub ki, iki mərtəbəli geniş yeməkxana binası yüksək
keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli
avadanlıqlarla təchiz olunub. Burada mətbəx və təsərrüfat otaqları,
eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində
çörək istehsalı sahəsi də fəaliyyət göstərir.
Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi
Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris
korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə
təşkili üçün hər cür şərait mövcuddur.
Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və
müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov
qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları
çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə
Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o
cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam
etdirilir.
Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir
elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm
rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki
olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və
təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq
tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini
qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Teqlər: