Müdafiə naziri NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)

Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO
Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə
köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, general-polkovnik Z.Həsənov qonaqları
salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu
bildirib.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar,
eləcə də azad edilən ərazilərdə görülən işlər və
Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə
ətraflı məlumat verilib.

Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan
danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf
etdirilməsinin vacibliyini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən X.Kolomina
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx
əməkdaşlığını müsbət qiymətləndirib. Bu əməkdaşlığın
Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini
xüsusi vurğulayıb.

Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regiondakı
hərbi-siyasi vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər: