Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində
yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların
sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən
işlər davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və
nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan
hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi
infrastruktura baxış keçirib.

Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə
məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq
ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun
şərait yaradılıb. Burada istilik sistemi ilə təchiz edilmiş
qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ərzaq və əşya
anbarları, ideoloji sinif, xidməti, məişət və silah otaqları var.
Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası
müasir standartlara cavab verən sobalar, soyuducular, eləcə də
digər məişət texnikası və inventarla təchiz edilib.

Hərbi hissələr generatorlar vasitəsilə fasiləsiz elektrik
enerjisi ilə təmin olunub. Ərazidə müxtəlif növ ağaclar əkilib,
yaşıllıq zolağı və idman şəhərciyi salınıb.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissənin tibb
məntəqəsində olub. Məruzə olunub ki, burada hərbi qulluqçuların
müayinə və müalicəsini həyata keçirmək üçün müasir tipli tibbi
avadanlıqlar quraşdırılıb, səyyar flüoqrafiya rentgen maşını və
təxliyə üçün təcili tibbi yardım avtomobilləri mövcuddur. Nazir
tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşərək
onların səhhəti ilə maraqlanıb, tezliklə sağalıb xidmət yerlərinə
qayıtmalarını arzulayıb.

Müdafiə naziri döyüş və avtomobil texnikası parkında hərbi
texnikanın saxlanma şəraiti, istismarı və göstərilən texniki
xidmətin keyfiyyəti ilə də maraqlanıb.


Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində
görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Nazir
2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində,
2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində
göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin
başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi
qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir
silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da
planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.

Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya
sahəsində Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin
fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat
xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti
sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.

Görüşdə hərbi qulluqçular işğaldan azad edilən ərazilərimizdə
xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə,
göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş
Komandanına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Hərbi hissələrin xidməti döyüş fəaliyyəti ilə də maraqlanan
müdafiə naziri Ölkə Başçısının Ordumuz qarşısında qoyduğu
vəzifələrin icrası, eləcə də döyüş növbətçiliyinin təşkili və
qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı
konkret tapşırıqlar verib.

Teqlər: