Xalqımız şərəfli və mənalı ömür yolunu Azərbaycanın inkişafına, onun dünya birliyində özünə layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü dərin ehtiramla yad edir.
Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. Cəmiyyətin bütün sahələrində hərtərəfli inkişafa nail olmaq, xüsusilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək Heydər Əliyevin siyasətində əsas strateji vəzifələr olmuşdur. SSRİ-nin Mərkəzi Komitəsinin rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində Heydər Əliyevin 1987-ci ildə vəzifəsindən kənarlaşdırılması ermənilərin və onların havadarlarının Azərbaycana qarşı separatçı əməllərə əl atmaları üçün fürsət yaratdı.
Həmin dövrdə Ermənistan Azərbaycanda xaos və hərc-mərcliyin baş alıb getməsindən, cəmiyyətin idarəolunmaz vəziyyətə düşməsindən istifadə edərək hərbi təcavüzkarlıq planlarını genişləndirdi. Xüsusilə, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün AXC-Müsavat hakimiyyətinin vahid komandanlığa tabe olan milli ordu yaratmaq əvəzinə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə rəvac verməsi xalqımızın kəskin narazılığına səbəb oldu.
1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda keçmiş hakimiyyət həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan xalqının və dövlətinin həyatında mühüm tarixi hadisə oldu, cəmiyyətin bütün sahələrini əhatə edən milli inkişaf strategiyasının əsası qoyuldu. Heydər Əliyevin istər Azərbaycanın dinamik inkişafı, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar etnik mənsubiyyəti, dini baxışları və adət-ənənələrindən asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi. Dini konfessiyalar və etnik qruplar vətəndaş həmrəyliyinin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında yaxından iştirak edərək, müstəqil Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşdilər. Heydər Əliyevin apardığı xarici siyasətdə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi əsas istiqamətlərdən birini təşkil etdi. Belə ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün fəal siyasi-diplomatik addımlar atdı, onun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi.
1993-ci ilin dekabr ayından 1994-cü il yanvar ayının əvvəllərinə kimi davam edən Horadiz döyüşlərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi. Qeyd edək ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında formalaşdırıldı. Xarici siyasət həyata keçirilərkən Azərbaycanın geosiyasi vəziyyəti, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətlərinin xüsusiyyətləri nəzərə alındı. Regional və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndi. Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixi və onun nəticələri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması sahəsində mühüm tədbirlər görüldü.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu ki, bu da Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün ciddi siyasi-iqtisadi və mənəvi-psixoloji zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu.
44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır. Vətən müharibəsində Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Azərbaycan Prezidentinin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və müdrik lider obrazını daha da möhkəmləndirir. Vətən Müharibəsindən əvvəl də ermənilərin hərbi təxribatlarının qarşısının alınması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ətrafında xalqımız həmrəylik nümayiş etdirdi.
44 günlük müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident İlham Əliyevin Azərbaycana dair həqiqətləri beynəlxalq aləmin diqqətinə yüksək diplomatik peşəkarlıqla çatdırması dövlətimizin informasiya müharibəsində də qələbəsini təmin etdi. Ermənistanın atəşkəs rejimini pozması nəticəsində baş verən müharibədə Azərbaycan Ordusu düşmənin hərbi qüvvələrini darmadağın etdi.
Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev bildirib: “Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik”.
Azərbaycan Ordusunun müharibədə əldə etdiyi qələbə Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, milli maraqlara söykənən uzaqgörən siyasətinin və xalq-ordu birliyinin məntiqi nəticəsidir. Vətən Müharibəsində Azərbaycan qələbə qazanmaqla bölgədə yeni geosiyasi reallıq yaratdı və 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Göründüyü kimi, Heydər Əliyevin hakimiyyəti dövründə cəmiyyətin bütün sahələrində əldə olunmuş nailiyyətlər, xüsusilə ordu quruculuğu sahəsində atılan addımlar, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan fəal diplomatik mübarizə Azərbaycanı müstəqil dövlət kimi möhkəmləndirdi və ona dünya birliyində böyük nüfuz qazandırdı.
Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, Azərbaycan Ordusunun gücü və vətəndaş həmrəyliyi nəticəsində II Qarabağ müharibəsində əldə olunan tarixi qələbə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Vətən müharibəsindəki şanlı qələbə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin arzularının reallaşması demək oldu.
Mübariz Qurbanlı,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri