Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən mütəmadi olaraq yol
infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm
tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən
qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına
müsbət təsir göstərən sahələrin inkişafına hesablanır.
AAYDA-dan AzerTimes-a bildirilib ki, bu istiqamətdə Agentlik
tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının
ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun
tikintisi işləri icra olunaraq yekunlaşdırılıb.
Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən,
ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12
metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edir.
Görülən işlər çərçivəsində yolboyu torpaq yatağı və yol əsası
inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif
ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib.
Daha sonra yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton
örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri icra
olunub.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol
nişanları, siqnal dirəkləri quraşdırılıb. Layihənin sonuncu
mərhələsində isə yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi
işləri aparılıb.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda palçıq
vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm
kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə inşa edilən yol,
tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunub.