Müasir peyvəndlər ciddi xəstəliklərin qarşısını effektiv şəkildə ala bilir – Professor

Peyvənd insan bədəninin təhlükəli infeksiyalara qarşı
müqavimətini qüvvətləndirən xüsusi hazırlanmış tibbi-immunobioloji
preparatdır. Müasir peyvəndlər ciddi xəstəliklərə və hətta ölümə
səbəb olan əksər viral və bakterial infeksiyaların qarşısını
effektiv şəkildə ala bilir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.

Onun sözlərinə görə, yoluxucu xəstəliklərlə mübarizədə
vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün
dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə
altına alınması təəccüb doğurur. Peyvənd sayəsində milyonlarla
insanın həyatı xilas edilib, çiçək xəstəliyinin kökü kəsilib,
meningit, poliomielit, məxmərək və difteriyaya yoluxma halları
xeyli azalıb.

“Yoluxucu xəstəliklər erkən yaşlarda müşahidə olunan bütün
xəstəliklərin əhəmiyyətli hissəsini təşkil edir. Bu xəstəliklər,
xüsusən də körpələrdə, çox vaxt ağır davam edə və hətta əlilliyə
gətirib çıxara bilər. Bu cür xəstəliklərin qarşısını almağın ən
təsirli üsullarından biri də immunizasiya və ya peyvəndləmədir”, –
deyə o əlavə edib.

Teqlər: