Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi ulu öndər Heyər Əliyevdir – Deputat

Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər
Heyər Əliyevdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz
seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin
seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, A.Həsənova bildirib ki, 1991-ci ilin oktyabr
ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini
qanı bahasına yenidən bərpa etdi:

“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir
tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç
də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk
illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla
üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi,
idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi
böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir
dövlət kimi yox olmasına zəmin yaranmışdı.

Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü,
torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da
çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə,
vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə
qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha
uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi
“lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb
olunmşdu.

Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül,
ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə
salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını
qırmışdı”.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətin
vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü:
“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çox yaxşı
başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev
kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir
rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi və bu çətin
və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin
iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən
hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi,
yeni bir mərhələ oldu.

Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət
kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin
gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata
keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin
oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil
Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin
olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk
növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində
gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr
zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla
erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi
yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi
sabitlik bərqərar edildi”, – deyə deputat bildirib.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü haqqında danışan
A.Həsənova vurğulayıb ki, ictimai-siyasi sabitliyə nail olduqdan
sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı
inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən
atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni
Konstitusiyasının qəbulu oldu:
“1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə
yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni
Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.
Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion
quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və
ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə
həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci
ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 %
səslə qəbul edildi.

Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın
dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti
qələbəsi idi”, – deyə deputat bildirb.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq
münasibətlərin qurulmasına toxunan deputat bildirib ki,
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin
qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə
əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata
keçirilməsi idi:

“Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli,
praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti
yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən
Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji
maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş
hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və
bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin
beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq
istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region
dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin
maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli
əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici
siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində
geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi
Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Heydər Əliyevin
təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa
İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı”.

A.Həsənova vurğulayıb ki, bütün sahələrdə olduğu kimi müstəqil
Azərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyə
başlanıldı:

“Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, o
cümlədən ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin
əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd
fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin
iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə
bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası
yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional
islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər
edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın
inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya
iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların
rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar
iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata
keçirilməsi məqsədilə Ulu öndər beynəlxalq tələblərə uyğun
qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin
rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı
70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam
imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

O cümlədən yeni neft strategiyası Azərbaycanın həm siyasi, həm
də iqtisadi inkişafında çox böyük rol oynadı. 1994-cü il sentyabrın
20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə
bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni
tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin
müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın
neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi
bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun
gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını
təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq
təzahürü oldu.

Bütün qeyd olunanlar ümummilli lider Heydər Əliyevin müstəqil
Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü
işlərin çox cüzi bir hissəsidir. Bu gün müstəqil Azərbaycan
dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz
ümummilli lider Heydər Əliyevə borcluyuq.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm
Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində
Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində
tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider
dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib.
Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə gedən inkişafın müsbət
nəticələrini öz həyatında hiss edir”.

Teqlər: