Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra Azərbaycan
üçün prioritet məsələlələrdən biri də vaxtı ilə işğal altında olmuş
ərazilərimizdə ermənilərin törətdiyi dağıntılar, vandalizm aktları
barədə faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu,
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərdən və
digər müharibə cinayətlərindən beynəlxalq aləmin xəbərdar olması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Ermənilərin işğal müddətində törətdikləri dağıntılar, məhv
edilmiş mədəni, tarixi və dini abidələr, eləcə də digər müharibə
cinayətləri ilə bağlı faktların sənədləşdirilməsi istiqamətində
hazırda ölkəmizdə geniş işlər həyata keçirilir. Bu, Ermənistanın
postmünaqişə dövründə ölkəmizə qarşı irəli sürdüyü iddiaların yalan
və əsassız olduğunu beynəlxalq ictimaiyyətə faktoloji əsasda
göstərmək baxımından da vacibdir. Bütün bunlar həm də Ermənistanın
törətdiyi müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə
hüquqi cəhətdən dəqiq qiymət almasına və bu ölkənin əməllərinə görə
məsuliyyət daşımasına xidmət edir.
AzerTimes xəbər verir ki, erməni
tarixçilərinin və onların xaricdəki havadarlarının saxta
iddialarına qarşı MTM (“Media Təhlil Mərkəzi” İctimai Birliyi) və
CBC telekanalının birgə əməkdaşlığı nəticəsində hazırlanan,
Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmi bu
mənada böyük əhəmiyyət daşıyır. Filmin ideya müəllifi CBC kanalının
baş direktoru Vüqar Xəlilov, redaktoru Ayaz Mirzəyev, rejissoru isə
Zəka Quliyevdir.
Layihə çərçivəsində çəkiliş qrupu Xocavənd rayonunun Tuğ kəndinə
səfər edərək, burada mövcud olan qədim tarixi alban məbədlərini
çəkib, onlar üzərində ermənilər tərəfindən həyata keçirilən
saxtakarlıq əməllərini lentə alıb. Filmdə bu saxtalaşdırma ilə
bağlı həm tarixçi, həm də din xadiminin fikirləri, o cümlədən, Tuğ
kəndində qədim zamanlardan yaşayan Azərbaycan-alban ailələri
haqqında məlumatlar yer alıb.
Filmin ideya müəllifi Vüqar Xəlilov qeyd edir ki, Prezident
İlham Əliyev postmüharibə dövründə informasiya savaşının önündə
dayanaraq Ermənistanın müharibə cinayətlərini və onun doğurduğu acı
nəticələri dolğun faktlar əsasında dünya ictimaiyyətinə çatdırır:
“Hazırda vətəndaş olaraq hər birimizin vəzifəsi bu prosesdə
yaxından iştirak etmək, ölkəmizin maraq və mənafelərini layiqincə
müdafiə etməkdir. Təcavüzkarın ifşasına xidmət edən belə sənədli
filmlərin hazırlanması və xarici dillərə tərcümə olunaraq
beynəlxalq media platformalarında təqdimatı son dərəcə
əhəmiyyətlidir. Düşünürəm ki, bu cür filmlərin hazırlanması davamlı
olacaq”.
Filmin redaktoru Ayaz Mirzəyev isə bildirir ki, filmdə yer almış
faktlar rəsmi İrəvanın ərazilərimizdə tarixi-mədəni irslə bağlı
irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu bir daha sübuta
yetirir: “Film Azərbaycanın qədim alban abidələrini erməni
kilsələri kimi dünyaya təqdim edilməsi cəhdlərinin ifşası, bu
abidələrin tarixi-mədəni sərvətimizin bir hissəsi olmasını göstərən
faktlarla da zəngindir”.
Qeyd edək ki, “Müqəddəs irs” filminin anonsunu MTM-in “Facebook”
səhifəsində https://fb.watch/bOVOSSi6tD/
izləmək mümkündür.