Noyabrın 4-də 287 saylı “Zəkalar” liseyində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü ilə MSN-in tərəfdaşı olan “Deftech” MMC tərəfindən gənclərin texniki biliklərə dərindən yiyələnmələri, bu sahədə istedadlarının üzə çıxarılması, onlara müasir kreativ vərdişlərin aşılanması məqsədilə yaradılmış “Avia və Gəmi Modelizmi” sinfinin açılışı olub.
AzerTimes xəbər verir ki, tədbirdə liseyin şagirdləri, Vətən müharibəsi iştirakçıları, mühəndis-müəllim heyəti, “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, “Deftech” MMC-nin rəhbəri Elmar Qədimov və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları sinifdə yaradılmış şəraitlə tanış olublar.
A.Əhmədli çıxış edərək “Zəkalar” liseyinin fəaliyyəti və uğurları haqqında məlumat verib. O, yaradılan yeni sinfin şagirdlərin dünya görüşünün inkişafı, dərsdən kənar vaxtlarının səmərəli keçirilməsi, bu sahədə istedadı olan gənclərin aşkar olunmasında böyük rol oynayacağını bildirib.
Direktor yaradılan şəraitə görə liseyin kollektivi adından müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə və “Deftech” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev MSN-in rəhbərliyi və kollektivi adından tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ilə bağlı təbrik edib.
O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti, təhsil islahatlarına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, kreativ texnoloji bacarıqlarının artırılması, yüksək innovativ mühəndisliyi mənimsəmələri istiqamətində aparılan işlərə MSN-in hər zaman dəstək olduğunu qeyd edib.
Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlayan sinfin gənclərin inkişafı üçün görülən işlərin davamı olduğunu vurğulayan A.Babayev, MSN-in yaxından əməkdaşlıq etdiyi “Deftech” MMC-nin kollektivinin sinfin ərsəyə gəlməsində böyük əmək sərf etdiyini bildirib.
O diqqətə çatdırıb ki, Bakı şəhərinin məktəblərinin birində pilot layihə kimi gənclərin ibtidai hərbi hazırlığı kabinetinin yaradılması işləri də davam etdirilir. Bu layihənin həyata keçirilməsində Müdafiə Sənayesi Nazirliyi Elm və Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yaxından əməkdaşlıq edir.
Çıxış edən Vətən müharibəsi iştirakçıları və digər qonaqlar belə təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edərək, dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, MSN-in rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Sonra tədbir iştirakçıları liseyin mühəndis-müəllim və şagirdlərinin ərsəyə gətirdiyi helikopter modelinin uçuşunun sınaqdan keçirilməsini izləyiblər.