MRT və KT müayinələri üçün əks göstərişlər var – Nazirlik

Radiologiya – insan anatomiyasını görüntü üsullarından istifadə edərək araşdıran və insanları hansı xəstəliyin olduğunu əlaqədar mütəxəssis həkimə bildirən tibb sahəsidir. Bir radioloqun təcrübəsi çox yaxşı anatomiya və patoloji biliklərə əsaslanır. O, görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti öz biliyi daxilində müvafiq həkimə çatdırır.

Trend Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadənin bununla bağlı müsahibəsini təqdim edir:

– Hansı xəstəliklər radiologiyanın diaqnostik sahəsinə aiddir?

– Anatomik morfoloji pozğunluqlara səbəb olan xəstəliklər radiologiyanın əsas mövzusudur. Nevroloq xəstədən MRT tələb edir. Burada məqsəd baş ağrısını sübut etmək deyil, baş ağrısına səbəb olacaq bir anatomik pozğunluğun olub olmadığını göstərməkdir.

– Maqnit rezonans tomoqrafiya ilə Kompüter tomoqrafiyası arasındakı fərq nədir?

– Bu gün maqnit rezonans görüntüləmə və kompüter tomoqrafiyası instrumental diaqnostikanın ən informativ və yüksək dəqiqlikli üsullarıdır. Onların köməyilə bir çox xəstəliklərin diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Hər iki üsul bədənin patologiyasını təsvir edir, ancaq MRT yumşaq toxumaların vəziyyəti haqqında məlumat verirsə, KT daha çox sümüklərin və digər sərt toxumaların sağlamlığını qiymətləndirmək üçün istifadə olunur. MRT və KT arasındakı əsas fərqlər cihazların işləmə prinsipi, şüalanmanın təbiəti və istifadə üçün göstərişlər başa düşüldükdə aydın olur. MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Cihaz impulsları göndərir. Bədənin toxumaları müxtəlif gücü olan rezonansları qaytarır. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirlər yaradır.

– MRT və KT diaqnostik müayinələri üçün əks göstərişlər mövcuddurmu?

– Bir sıra əks göstərişlər mövcuddur. KT şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsoregen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməlidir. Bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər.

MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir.

Məsələn,


• Ürəyin süni ritm aparıcısı

• Metal qəlpələr

• Göz nahiyyəsində yad metal cism

• Orta qulağın elektron və ya ferromaqnit protezləri

• İri metal daxili protezlər

• Baş beyin damarların qan saxlayan sıxacları və s. misal göstərmək olar.

– COVID-19 xəstəliyindən şübhələnən hər kəs radioloji müayinədən keçməlidirmi?

– COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər. Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyasını tələb edirik. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər.

Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq. COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur.

Teqlər: