MRT, KT və ya Rentgen nə zaman istifadə olunmalıdır? – Fizioterapvet Səidə Kərimova açıqlayır

Mərkəzi Gömrük Hospitalının fizioterapveti Səidə Kərimova “Həkim
məsləhəti” rubrikasında “Onurğanı yoxlamaq üçün müayinələr MRT, KT
və ya Rentgen” mövzusunda məlumat verib.

Onurğa xəstəliklərində diaqnozu dəqiqləşdirmək üçün pasiyentlərə
müxtəlif müayinələr təyin oluna bilər. Müayinələrin növləri çox
olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında
MRT, KT və rentgen ən çox istifadə olunanlardır. Hər bir konkret
pasiyentdə həkim lazımi müayinələr barədə fərdi olaraq qərar
verir.

Rentgen müayinəsi çox vaxt ilk müayinə üsulü kimi təyin olunur.
Rentgen müayinəsi bizə onurğada əyrilikləri, fəqərələrin
yerləşməsini, tamlığını (sınıqların olub-olmaması), fəqərəarası
məsafələri göstərə bilir. Bəzi hallarda dinamik rentgen təyin
edilir – pasiyent pozisiyasını dəyişəndə (məsələn, sağa-sola
əyiləndə) bir sıra çəkilişlər icra olunur. Skoliozu və kifozu təyin
etmək üçün rentgen müayinəsi yerinə yetirilir.

KT – kompüter tomoqrafiya müayinəsi rentgen şuaları əsasında
işləyən müayinə prosedurudur. Kompüter tomoqrafiyası fəqərələrdə ən
xırda çatları, kompleks sınıqları, xırda oynaqlarda artritik
dəyişikliklərı və yumşaq toxumaları da göstərə bilir. Bundan əlavə
KT vasitəsi ilə rentgen müayinəsində aşkar olunan və ya şübhə
altında olan patologiyaların daha detallı (3D) dəyərləndirilməsi
mümkündür.

MRT – maqnit sahəsi əsasında işləyən müayinə üsuludur. MRT
fəqərələr, fərəqəarası disklər, onurğa beyni və sinirlərin
strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri göstərən
müayinədir. MRT əlavə olaraq onurğanın iltihabi proseslərini aşkar
etmək üçün istifadə olunur. Ümumilikdə xəstəliklərin differensial
diaqnostikasında MRT-nin rolu əvəzsizdir.

Bel və boyun fəqərələrinin yırtıqlarını təyin etmək üçün ən
rahat üsul məhz MRT-dir. Fəqərəarası disk yırtığının fizioterapiya
ya cərrahi üsulla müalicəsinin qərarını verməkdə MRT müayinəsinin
rolu əvəzsizdir.

Bəzi pasiyentlər müayinə zamanı qapalı məkanda sıxıntı hissini
yaşaya bilər. Mərkəzi Gömrük Hospitalında istifadə olunan Philips
şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit
Rezonans Tomoqrafiyası (MRT) cihazı həm müayinənin yüksək səviyyədə
aparılmasını, həm də müayinə zamanı pasiyentlərin rahatlığını təmin
edə bilir.

Teqlər: