Zənnimcə, ATƏT-in Minsk Qrupu həqiqətən də öldü. Bu qrup geosiyasi dəyişikliklər fonunda yox oldu.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın sabiq səhiyyə naziri, hakim Mülki Müqaviləsi Partiyasından olan deputat Arsen Torosyan deyib.
“Bizim bir millət, xalq və dövlət kimi illərdir başımıza doldururlar ki, qonşularımızla sülh şəraitində yaşamağa haqqımız yoxdur və heç vaxt olmayacaq. Bizə həmişə deyiblər ki: “Siz öz problemlərinizi qonşularla müstəqil həll edə bilməyəcəksiniz, biz mütləq iştirak etməliyik”.
Düşünürəm ki, bu stereotipi sındırmalı və qonşularımızla sülh şəraitində yaşamaq istiqamətində hansı addımlar ata biləcəyimizi anlamalıyıq. İndi tamamilə bu stereotiplə yaşayırıq ki, türklə, azərbaycanlı ilə düşmən olmadan yaşamaq, sadəcə, mümkün deyildir.
Əgər erməni xalqı “Azərbaycanla razılığa gəlmək mümkün deyil” stereotipindən xilas ola bilməsə, onda ermənilər həmişəlik dalana dirənəcək və bu, həmişə onlara yeni fəlakətlər gətirəcək”, – deyə erməni deputat bildirib.