Mövsümün ilk yarışları üçün çox yaxşı nəticəmiz var.
Bu barədə AzerTimes-a
Azərbaycan yığmasının qrup hərəkətləri üzrə məşqçisi Siyana
Vasileva deyib.
Qeyd edək ki, Azərbaycan komandası Dünya Kubokunda qrup
hərəkətlərində çoxnövçülük proqramı üzrə gümüş, beş halqa ilə
hərəkətdə isə qızıl medal qazanıb.
“Təbii ki, nəticədən razıyam, bu ildə ilk yarışımızları idi. İlk
start üçün bu, çox yaxşı nəticədir, bundan sonra da çalışacağıq.
Doğma Bakıda təşkil olunan kubok və tamaşaçılar bizi inanılmaz
dərəcədə dəstəkləyib. Çoxnövçülükdə qızlar mübarizə aparıb gümüş
medal qazanıblar, finalda isə qızıl medal qazanmaq istəyirdik və
şadam ki, növlərin birində buna nail ola bildik. Düşünürəm ki,
turnirlərdə rəqiblərin reqaliyasına baxmamalısan, diqqətini öz
proqramına yönəltməlisən,” deyə məşqçi bildirib.
Bakıda keçirilən dünya çempionatında Azərbaycan komandası iki
proqram – beş halqa ilə hərəkətlər proqramı, həmçinin üç lent və
iki topdan ibarət kompozisiya təqdim edib. Bu iki növlərdə komanda
müxtəlif tərkiblərdə çıxış edib. Beş halqa ilə hərkətləri üzrə
proqramı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Yelizaveta Luzan və Daria Sorokina təqdim ediblər. Amma üç lent və
iki top ilə hərəkətlərdə Kamilla Əliyevanın əvəzinə xalçaya Zeynəb
Qummətova çıxıb.
“Bunun səbəbi qızlar üçün üç lent və iki toplar hərəkətlər üzrə
proqramın yeni olmasıdır”, – deyə S.Vasileva qeyd edib.
Beynəlxalq Gimnastika Federasiyasının Atletlər Komissiyasında
fəaliyyəti barədə danışan S.Vasileva qeyd edib ki, o, gimnastlara
lazımi dəstəyi göstərməyə çalışır:
“Görüşlər keçiririk, Bakıda keçirilən Dünya Kuboku zamanı
müxtəlif ölkələrin gimnastları ilə danışdım, yarışın bəzi
iştirakçıları mənə müraciət etdilər. Mən həmişə onların maraqlarını
müdafiə etməyə, dəstəkləməyə, məsləhətləri ilə kömək etməyə
hazıram. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə işlər
genişlənəcək”.
Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.