Xəbər - Çingiz Səfərli – Trend:
Mövsümlə əlaqədar olaraq qripə yoluxanların sayının artması müşahidə olunur.
Bunu AzerTimes-a açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının virus xəstəlikləri ilə COVID-19 infeksiyasının simptomları çox oxşardır.
“Yəni, hər ikisi baş ağrısı, əzələ ağrıları, yorğunluq, burun axması, boğaz ağrısı, halsızlıqla müşayət olunur. Lakin istənilən halda heç bir klinik simptom əsasında diaqnozun dəqiqləşdirilməsi mümkün deyil. Yalnız PZR test, yəni polimer zəncirvari reaksiya testinə əsasən xəstəliyin koronavirus olub-olmadığını dəqiqləşdirmək olar.
KT müayinəsi, ağciyərlərin rentgen müayinəsinin nəticələri və s. COVID-19 xəstəliyinin birbaşa olaraq göstəricisi deyil. Bu diaqnostik müayinələr sadəcə olaraq ağciyərdə gedən proseslərin ağırlaşma dərəcəsini təyin etməyə kömək edir” – deyə, K.İsmayılova bildirib.
Mütəxəssis koronavirusa qarşı ən effektiv vasitənin vaksinasiya olduğunu deyib və hər kəsi vaxtında peyvənd vurdurmağa çağırıb.
“Vaksinasiya infeksion xəstəliklərin profilaktikası üçün sadə və effektiv metod hesab edilir. Bir sıra infeksion xəstəliklərin qarşısı vaksinasiya hesabına nəzarətə götürülə bilir. Hazırda koronavirusa qarşı olan vaksinlər xəstəliyin ağırlaşmasının qarşısını alır”, – deyə infeksionist qeyd edib.
Twitter: @cingizsafarli