Xəbər - Humay Ağacanova – Trend:
Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.
Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.
Onun sözlərinə görə, ümumi bədən müqaviməti güclü olduğu təqdirdə mövsümi qripin ciddi fəsadları yaranmır: “Lakin yaşlılarda, yenidoğulanlarda, immun sistemini zəiflədən xroniki xəstəliklərə, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə malik insanlarda mövsümi qrip son dərəcə ağır fəsadlarla nəticələnə bilər. Bu səbəbdən zamanında qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirik”.
Həkim, həmçinin qeyd edib ki, qripdən qorunmaq üçün mütləq bir sıra simptomlara diqqət etməliyik: “Tənəffüs zamanı yaranan çətinlik, yüksək hərarət, boğazda yanma və ya ağrı hissi, baş ağrısı, həddən artıq yorğunluq qrip əlamətləri sayılır. Bir çox insan mövsümi qripə laqeyd yanaşır, həkimə getmə ehtiyacı duymur. Lakin bu, çox yanlış yanaşmadır. Mövsümi qrip son dərəcə ağır və riskli keçirilə bilən xəstəlikdir. Bu səbəbdən qış fəslinin əvvəlində mütəxəssislərin məsləhəti ilə qrip əleyhinə peyvəndin vurulmasını tövsiyə edirik. Bu üsulla qripə səbəb olacaq viruslara qarşı orqanizm özünü bir il müddətində müdafiə edə bilər”.