Erməni yalanı və saxtakarlıqlarından biri də Movses Xorenatsi və onun mövcudluğudur.
AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
Z.Əliyev bildirib ki, M.Xorenatsi adlı tərcüməçini ermənilər öz tarixşünaslıqlarının atası sayırlar:
“Çünki bu şəxs “Patmutyun hayots” adlı bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə heç də birbaşa “Hayastanın tarixi” yox, əslində daha çox “Hayların tarixi” deməkdir. Əvvəla, Xorenatsinin “erməni tarixinin atası” olduğuna şahidlik edən nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı yazılı mötəbər bir mənbə yoxdur. İlk dəfə ermənilər bu ifadəni 1794-cü ildə Hindistanda çap olunan “Azdarar”da adlı qəzetdə nəşr ediblər. Bugünədək ermənilərin bizə iddia etdikləri qədim erməni tarixçilərinə dair əfsanələr boş şeydir. Onların erməni kimi qələmə verdikləri müəlliflər isə qədim Alban tarixçiləridir. Erməni tarixçisi olan M.Xorenatsi və digərləri uydurma adlar və alimlərdir. Görkəmli alimlər Q.Şmid, T.Vetter və milliyyətcə erməni olan Q.Xalatyants yazırlar ki, “Erməni tarixi”nin müəllifi onunla eyniadlı məşhur V əsr tərcüməçisi deyil, sonuncunun adı altında gizlənən bir neçə keşişdir. Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi əsərində tarixi faktlara söykənərək yazırdı ki, M.Xorenatsi V əsrdə yaşamayıb və belə bir adam olmayıb. Dünyanın ən nüfuzlu Britannika Ensiklopediyasının verdiyi məlumata görə, Xorenatsi haqqında məlumatı “Ermənistan tarixi”ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbədən tapmaq mümkün olmayıb.
London Universitetində Qafqaz tədqiqatları professoru, Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis Devid Marşal Lenqin fikrinə görə, artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda “Ermənistan tarixi”nin V əsrə aid olduğuna inanan alim yox idi. Müəllifin “Armenia: Cradle of Civilization”, “Peoples of the Hills: Ancient Ararat and Caucasus” və “The Armenians: A People in Exile” kitablarını oxuyan bunun şahidi ola bilər”.
Tarixçi alim bildirib ki, bütün bu uydurma kitablar Yakop Şahamiryan adlı erməninin xidmətləridir:
“1772-ci ildə Yakop Şahamiryan adlı erməni Çenay şəhərində mətbəə yaratmışdı. Dünyada ilk erməni dilində qəzet olan “Azdarar” 1794-cü ildə Hindistanda çap olunub. Qəzetin nəşr olunmasında Aratun Şumovyanın rolu böyük olub. “Azdarar” qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri gündəlik xəbərlər haqda məlumatlandırmaq məqsədi daşıyırdı. Şumovyan 1750-ci ildə Şirazda anadan olub. 1789-cu ildə o, Mədrəsdə öz mətbəəsini yaradıb, orada erməni dilində səkkiz kitab nəşr etdirib. Həmin vaxt Mədrəsdə Şahamiryanın mətbəəsi fəaliyyət göstərirdi. Lakin Şumovyan öz fikirlərində onunla razılaşmadığından onun köməyindən istifadə etməyib. Şumovyan Baqramyan, Şahamiryan, Hovsep Eminin ictimai-siyasi baxışlarına bələd olsa da, katolikos Simeonun xəttinə sadiq idi. O, ermənilər üçün xilası erməni kilsəsinin tarixi ənənələri ilə bağlı mədəni inkişafda görürdü.
Bu mətbəədə ermənilərə “qədim tarix” yaradılmış və kitablar nəşr olunaraq bütün dünya kitabxanalarına göndərilmişdi. Qaynaqlar yazır ki, Rusiya ilə əlaqələri olan Aratun Hindistanın ingilislərin yox, onların idarə etməsi tərəfdarı idi. Rusiyanı erməni xalqının xilası kimi görürdü. O, saxta tarixi yazan zaman onu rus dilində də nəşr etmək istəyirdi. Rusiya rəsmiləri Şumovyanın erməni-rus layihələrini bilib ona dəstək vermək istəyirdi və bunun üçün Xocamal Səfərian adlı şəxsin Avropadan Mədrəsə gəlməyinə maddi yardım edir. Xocamal Səfərian özü ilə öz “tarixi əsərlərini” və müxtəlif tərcümələrini, o cümlədən, Papanın məktubunu gətirir. Papanın məktubunda ermənilərə tarix yazılmasının zərurətini qeyd edilirdi.
Məhz bu məktubdan sonra 1863-cü il martın 29-da Osmanlı dövlətində qəbul edilən “Nizamnamə-i Millət-i Erməniyan” adlı sənəddə yazılır:
“Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən can verilən ruhun yenidən dünyaya gəlməsi üçün yaşadığı vücuddur. Əslində erməni millətindən, dövlətindən, tarixindən deyil, erməni kilsəsi dövlətindən bəhs etmək doğru olardı. Erməni kilsəsinin mövcudluğunu qoruya bilməsi üçün bir qüvvəyə, bir dövlətə ehtiyacı vardı. Erməni dövləti fikrini doğuran erməni milləti deyil, erməni kilsəsidir”.
Məhz M.Xorenatsi adından istifadə edən XVIII əsrdə yaşayan bir neçə keşişdir ki, kilsədə oturub uydurma bir tarix yazıb. Bunu yazan keşişlər çoxlu saxtakarlıqlarını belə gizlədə bilməyiblər. Bu gün ermənilər yazırlar ki, Xorenatsi Ermənistanın Xoren vilayətində anadan olub. Lakin “kitabda” onun Duroperan əyalətində anadan olduğu qeyd edilir. Bu ərazi isə müasir Suriyada Fərat çayı tərəflərdə bir yerdir, ora isə Qafqaz yox, Suriyadır.
Nelson Dibvoiz (ABŞ) və Robert Uilyam Tomson (Böyük Britaniya) kimi nüfuzlu tarixçilər M.Xorenatsin adından təqdim olunan məlumatların səhihliyini şübhə altına alıb. Tarixçi Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu göstərib.
Bu gün də təəssüf ki, dünya alimləri ilə yanaşı, bizim bəzi alimlər də bu nəzəriyyəyə inanıb Azərbaycan və Türkiyə ərazisində qədim ermənilərin mövcud olmasını yazırlar”.