Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan
Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə
məruz qalıb.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı
rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif
çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət
sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli
yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə
tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab
tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından
itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.