Mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil – Ekspert

Xəbər - Humay Ağacanova – Trend:

Təəssüflər olsun ki, hal hazırda yoluxanlar arasında məktəblilər və müəllimlər də var. 22 sentyabrdan tədris bərpa olunduqdan sonra çox sayda şagird və müəllim arasında yoluxma halları müşahidə olunub. Amma hazırkı rəqəmlər təhlükəli və böyük rəqəm deyil. Hesab edirəm ki, mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil.

Bu barədə AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki,yoluxma sayları tədris müəssisələrinin fəaliyyətinə bir başa təsir göstərir:

“Əgər yoluxma halları artan tendensiyada davam edərsə, birmənalı şəkildə hərəkəti azaltmaq üçün məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər. Amma təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Lakin bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermis təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansısa məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır.

Ekspert həmçinin bildirib ki, 22 və 29 sentyabrdan tədris bərpa ediləndən sonra birmənalı şəkildə yoluxma hallarının olacağı və ümumi rəqəmlərin artacağı gözlənilən idi. Çünki tədris prosesində hər gün 2 milyon insan iştirak edir:

“Amma biz müqayisəni 2020-ci il 15 sentyabr açılmsı və 2021-ci ilin 1 fevralda tədrisin bərpası ilə müqayisə edəndə, yoluxmaların say etibari ilə azaldığını görürük.

Belə ki, 1 fevraldan dərslər bərpa olunduqdan sonra I – IX sinifıər arasında 446 yoluxma faktı qeydə alınıb. Bundan başqa orta məktəbdə çalışan 714 texniki və müəllim heyyyətində COVİD-19-a yoluxma halı olub. Bu müddətdə 48 məktəbdə və əlavə 626 sinifdə yoluxma halları geniş yayıldığına görə distanta keçib. Eyni zamanda təkcə Bakı şəhərində I-IX sinifdə oxuyan 26568 şagird valideyinin iltizam yazması ilə dərs prosesində ənənəvi iştirakdan imtina edib.

Nəzərə alsaq ki, məktəblərdə 1.6 milyon şagird, 150 min müəllim çalıışır və bu kütləvi hərəkəti özündə əks etdirir.”

Artıq 4 milyon insanın həmçinin təhsil sistemində çalışanların da 90 faizdən çoxunun vaksinasiya olunduğunu vurğulayan ekspert əvvəlki tədrisin bərpasında vaksinasiya prosessinin olmadığını bildirdi:

“Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

Hal-hazırda payız fəsli ilə bağlı mövsümi xəstəliklər də insanları narahat edir. Amma 2019-cu ildə təkcə 4-5 yaşlı uşaqların mövsümi infeksiyaya yoluxma sayına baxdıqda da ciddi bir artımı 2021-ci ildə görmürük. Belə ki, 2019-cu ilin payız mövsümündə 4-5 yaşlı uşaqlardan 33897 nəfərdə qrip, yuxarı nəfəs yollarınınkəskin infeksiyası, angina (kəskin tonzilit), bakterial dizenteriya kimi xəstəliklərə yoluxma halı olmuşdu.

Son günlər məhz mövsümü xəstəliklərin baş verməsi insanlarda təşfiş yaradıb.”

Xatırladaq ki, ölkə üzrə əyani tədris bərpa olunduqdan bu günədək 241 sinif distant təhsilə keçirilib onlardan 35-I artıq əyani təhsilə qayıdıb 206 sinifdə isə distant təhsil davam etdirilir.

Teqlər: