Mövcud enerji böhranı “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsində və dekarbonizasiya
məqsədlərinə nail olunmasında, eləcə də “Şahdəniz” qaz yatağının
Avropaya təbii qaz tədarükü mənbəyi kimi əhəmiyyətini nümayiş
etdirdi.
Bu barədə Trend-ə özəl müsahibəsində Serbiyanın baş nazirinin
müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç
deyib.
Onun fikrincə, Xəzər bölgəsində yeni qaz mənbələrinin gələcək
inkişafı bu enerji mənbəyinin Avropaya və deməli, hazırda davam
edən interkonnektorların tikintisindən sonra Serbiya Respublikasına
nəqlinin təhlükəsizliyinə böyük töhfə verəcək.
“Bundan əlavə, “Cənub Qaz Dəhlizi” gələcəkdə hidrogeni nəql edə
bilər ki, bu da enerji keçidi və tamamilə ekoloji cəhətdən təmiz
yanacaqlardan istifadə istiqamətində gələcək addımlar üçün
vacibdir. Bolqarıstanla interkonnektorun tikintisini başa
çatdırandan sonra, bu, digər təchizatçıların bizim bazara daxil
olmasına və bir təchizatçıdan asılılığı azaltmağa imkan verəcək.
Biz bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlığın və müzakirələrin
intensivləşdirilməsini səbirsizliklə gözləyirik, ona görə də bizim
nümayəndə heyətinin Azərbaycana səfəri zamanı digər məsələlərlə
yanaşı, energetika və faydalı qazıntılar hasilatı sahəsində
əməkdaşlıq haqqında Saziş imzalanıb və bizim Azərbaycanın
energetika naziri ilə görüşümüz olub”, – Serbiyanın baş nazirinin
müavini qeyd edib.
Mixayloviçin sözlərinə görə, Serbiya Xəzər bölgəsində təbii qaz
ehtiyatları təsdiqlənmiş yeni yataqların işə salınması hesabına
ehtiyacları üçün əlavə həcmdə təbii qaz ala biləcəyini,
interkonnektorların isə digər ölkələrə tranzit marşrutu təmin
edəcəyini gözləyir.
“Bu, bütün regionun enerji sabitliyini və təhlükəsizliyini daha
da gücləndirəcək”, – o əlavə edib.
Serbiyanın baş nazirinin müavini qeyd edib ki, yeraltı təbii qaz
anbarları təbii qaz təchizatının sabitliyi və təhlükəsizliyində
mühüm amildir.
“Serbiyanın 450 milyon kubmetr tutumu olan bir yeraltı təbii qaz
anbarı var. Onun tutumunun 700 milyon kubmetrə qədər
genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, Macarıstanla bu
ölkənin anbarlarında 500 milyon kubmetr qaz saxlaması barədə
razılıq əldə olunub ki, bu da qarşıdan gələn qışda tədarükün
sabitliyini təmin edəcək. Planlarımızdan biri də gələn il tutumu 1
milyard kubmetr olan “İtebəy” yeraltı təbii qaz anbarının
tikintisinə başlamaqdır. Mövcud anbarın yanında bu anbarın
tikintisi daxili bazarın təchizatının etibarlılığını təmin edəcək
və enerji təhlükəsizliyini artıracaq”, – Z. Mixayloviç
bildirib.
O qeyd edib ki, enerji təhlükəsizliyi hazırda Avropada ən vacib
məsələdir və bütün ölkələr enerji və onun istehsalı məhsullarının
tədarükünün təhlükəsizliyini təmin etməyə çalışır.
“Serbiya Respublikası üçün prioritet yeni enerji istehsalı
obyektlərinin tikintisi, eləcə də qaz interkonnektorların
tikintisidir ki, onun vasitəsilə biz bu enerji məhsulunun
təchizatının etibarlılığını təmin edəcəyik. Keçən il biz yeni
qanunvericilik bazasını qəbul etməklə yaşıl enerjiyə keçidin
əsasını qoyduq və 2050-ci ilə qədər dekarbonizasiya və karbon
neytrallığına nail olmağın məqsəd və dinamikasını müəyyən edən
strateji sənədlər hazırlayırıq. Biz həmçinin alternativ enerji
sektorunun və xüsusilə hazırda enerji kompleksinin yalnız 3,5
faizini təşkil edən külək və günəş enerjisinin inkişafına yönəlmiş
təxminən 35 milyard avro dəyərində layihələri əhatə edən yeni
investisiya planı hazırlamışıq”, – Z. Mixayloviç vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, neft və qaz sektorunda
ölkənin prioriteti təchizatın çaxələndirilməsi, burada ən mühüm
layihə Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisidir ki, bu da
Serbiya bazarını Yunanıstandakı LNG terminalından, həmçinin
Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə və ola bilsin ki, Şərqi
Aralıq dənizi kimi digər mənbələrdən daxil olan qazla təmin etməyə
imkan verəcəkdir.
“Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisi məhz ona görə
prioritet layihədir ki, bu qaz kəməri bizə digər təchizatçılardan
da qaz almağa imkan verəcək. Bu kəmərin tikintisi gələn il başa
çatacaq və o, Yunanıstandakı LNG terminalı ilə eyni vaxtda
istifadəyə veriləcək”, – deyə baş nazirin müavini fikrini
yekunlaşdırıb.
Twitter: @Lyaman_Zeyn