İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatının (MOSSAD) iraqlı casusu, İrandakı ilk hərbi elçisi Yako (Yaqub) Nəmrudi avqustun 21-də 97 yaşında dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, Yako Nəmrudi 1 iyun 1926-cı ildə Bağdadda anadan olub. O, İsrail ordusunda işlədiyi müddətdə bir neçə həssas əməliyyata rəhbərlik edib. Bu əməliyyatlar barədə məlumatlar əhəmiyyətinə görə hələ də açıqlanmır.
1948-ci ildən MOSSAD-a cəlb edilən Yako 1956-cı ildə İsrailin sui-qəsd əməliyyatlarında iştirak edib. Həmin il Yako Nəmrudi İsrailə qarşı sərhəddən kənar hücumlar həyata keçirmək üçün fələstinli terrorçuları cəlb edən misirli polkovnik Mustafa Hafizi öldürüb.
O, 1956-59-cu illərdə Tehranda MOSSAD ofisini yaradıb və ona rəhbərlik edib.
Tehranda əhəmiyyətli casus şəbəkəsi quran Nəmrudi oradan təzyiqlərə məruz qaldıqları üçün İsrailə qaçmaq istəyən iraqlı yəhudilərə kömək edib.
1960-1969-cu illərdə Tehranda İsrail ordusunun ilk hərbi attaşesi olub və İranla müdafiə müqavilələri imzalayıb.
Nəmrudi bu günə kimi İsrailin İranla bağlı fəaliyyətlərdə ən təsirli və önəmli şəxsi olub.
İran hakimiyyətində yüksək hörmətlə qəbul edilən Yako Nəmrudi 1979-cu il inqilabından iki həftə əvvəl Tehranı tərk edib.
1992-ci ildə “Maariv” qəzetini təsis edən Yako Nəmrudi Azərbaycan Respublikası ilə bağlı davamlı materiallar dərc etdirib, Azərbaycan həqiqətlərinin İsraildə daha geniş əks olunmasında önəmli rol oynayıb.
“Xəzər dənizinin sahilində yerləşən və əhalisinin çoxu müsəlman olan dünyəvi Azərbaycan dövləti Cənubi Qafqazın incisi sayılır. Azərbaycanlılara xas olan multikulturalizm və tolerantlıq sayəsində yəhudi icması məhz burada özünün minillik ənənələrini qoruyub saxlayıb. Təbii ki, bu ənənələrin bir qismi yeni adətlərlə qaynayıb-qarışıb. Müstəqil Azərbaycanın rəhbərliyi ölkənin 25 minlik yəhudi icmasına zəruri maliyyə köməyi və mənəvi dəstək göstərir”, – “Maariv” qəzetində Azərbaycanla bağlı çoxsaylı məqalələrdən birində qeyd edilib.