Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun İsrail-Fələstin müharibəsi ilə bağlı AzerTimes-a müsahibəsi:
– Ərəstun müəllim, indi məlum olur ki, HƏMAS yay aylarından etibarən İsrailə hücuma hazırlaşıb. Hətta bununla bağlı İranda həm də kəşfiyyat orqanlarının nümayəndələri ilə görüşlər keçirilib. Sizcə, bu hücum hazırlığından MOSSAD kimi güclü bir təşkilatın xəbərsiz olması mümkündürmü?
– Bu əməliyyat üçün uzun müddət çox detallı hazırlıq aparılıb. Yəni silah-sursat gətirilib, təlimlər keçirilib. Yayımlanan video-kadrlara baxdığımız zaman çox ciddi koordinasiya olunan, olduqca incə şəkildə bütün detalları nəzərə alınmış və icra olunan bir əməliyyat görürük. İsrail xüsusi xidmət orqanları belə böyük miqyasdakı hazırlıqdan xəbər tutmaya bilərdimi? Hazırda hər kəsi narahat edən sual da budur: necə olur ki, İsrail kimi dövlət bunu görə bilməyib? Hətta verilən cavablarda Netanyahu hökumətinin münaqişədə maraqlı olması haqqında və s. konspriloji versiyalara qədər gedib çıxanlar var. Təbii ki, bunlar absurddur. Məsələ olduqca sadədir: rəqibi düzgün qiymətləndirməmək, sayıqlığı itirmək, düşmənə qalib gəldiyini, onu zəiflətdiyini, küncə sıxdığını özünə aşılamaq. Sadaladıqlarımızın da nəticəsi həddindən artıq acınacaqlı olur. Bu gün İsrail onun dövlət və hakimiyyət orqanlarının, xüsusilə də hazırkı mərhələdə önəmli rol oynamalı olan üç qurumunun – MOSSAD, Müdafiə Nazirliyi və onun hərbi kəşfiyyat qurumunun, daxili təhlükəsizlik orqanı olan ŞABAK-ın məsuliyyətsiz, səriştəsiz fəaliyyətinin qurbanı olub. Şəxsən mən də baş verənlərin arxasında hansısa başqa versiyaları axtarmağın tərəfdarı deyiləm. ABŞ mübahisəsiz dünyanın ən güclü kəşfiyyat orqanına (Mərkəzi Kəşfiyyat İdarəsi) sahibdir. Eyni zamanda ABŞ-da kəşfiyyat işi ilə məşğul olan on yeddi qurum var. Amma baxın, orada da 11 Sentyabr hadisəsi baş verdi. Qeyd etdiyim kimi, səriştəsizlik və arxayınlıq əsas səbəbdir. Bəlkə də əməliyyatın tarixini yanlış biliblər. Hər halda İsrail demokratik ölkədir və gec-tez Knessetdə buraxılan səhvlər müzakirə olunacaq, Netanyahunun rəqibləri onların ört-basdır edilməsinə imkan verməyəcək.
– Verilən məlumata görə, İsrailə son hücumlarda 5000-ə yaxın raket atılıb. Bu özü çox böyük hazırlıq tələb edir. İsrail ordusu hazırda Qəzza zolağını bombalayır. Qəzza zolağı da üç tərəfdən İsrail, bir tərəfdən Misirlə əhatə olunur. Bu bizə Misirlə quru sərhədin və ya Livanla dəniz əlaqəsinin nəzarətdə olmadığını deməyə əsas verə bilərmi?
– İsrailin Qəzza-Livan əlaqəsinə nəzarət etməsi demək olar ki, qeyri-mümkündür. ABŞ-ın Dövlət katibi Entoni Blinkenin İranın iştirakı ilə bağlı ortada heç bir faktın olmadığını deməsinə baxmayaraq, “Voll Strit Jurnalı”ın yaydığı məlumata görə, HƏMAS nümayəndələri dəfələrlə Livanda olub, təlimlər və SEPAH təmsilçiləri ilə görüşlər keçirilib. Görünən odur ki, İsrail Qəzza-Livan dəniz əlaqəsinə nəzarət edə bilmir. Əgər İsrail Qəzza ilə öz sərhədinə nəzarət edə bilmirsə, digər məsələ anlaşılandır. Əsas məsələ isə ora Livan tərəfindən necə nəzarət olunmasıdır. Çünki əgər onun ərazisində təlimlər və görüşlərin keçirilməsi iddia edilirsə, rəsmi Beyrut da buna görə ittiham edilə bilər. Burada da bir sıra məqamlar var. Birincisi, Livan dövləti özü çox acınacaqlı vəziyyətdədir, ikincisi, Hizbullahın siyasi partiya kimi ölkə siyasətində unikal bir yeri var və onun iştirakı olmadan hökumət formalaşdırmaq qeyri-mümkündür. Doğrudur, orada Hizbullahı tənqid edən müxaliflər də var. Ancaq Livan ordusundan daha güclü orduya sahib olan Hizbullah bu məsələdə hər kəsin qarşısında ciddi bir maneədir. Məhz ona görə də dövlət onun qarşısını ala bilmir.
– Prosesin sonunda İran hədəfə çevrilə bilərmi?
– Nəzəri baxımdan bəli, İran hədəfə çevrilə bilər. Amma ABŞ ən azı indiki mərhədələ bunda maraqlı deyil. Çünki Vaşinqton Tehranın müharibəyə cəlb olunması halında bölgədə böyük müharibənin başlayacağını, bir neçə onillik ərzində böyük layihələrin üzərindən xətt çəkiləcəyini bilir. İsrail isə ABŞ-ın dəstəyi olmadan İrana qarşı hansısa genişmiqyaslı addımlar ata bilməyəcək. Birincisi, İsrailin hətta HƏMAS-a qarşı göründüyü qədər güclü olmadığı üzə çıxdı, ikincisi, onun dörd bir yanında İranın proksiləri mövcuddur. Yəni söhbət yalnız HƏMAS-dan yox, Livan və Suriyada olan Hizbullahdan, eyni zamanda digər İran təmayüllü silahlı dəstələrdən gedir. Üçüncüsü isə İsraillə köhnə haqq-hesabları olan Bəşər Əsəd hökumətidir. Vəziyyət kifayət qədər mürəkkəbdir, ona görə də indiki mərhələdə İranın hədəf olacağı inandırıcı deyil. Entoni Blinkenin çıxışı da buna işarə edir.